İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində hərəkət marşrutunu pozduğu iddia edilən üç neft tankerinin minaya düşdüyünü bəyan edib.
SEPAH-ın açıqlamasında bildirilir ki, səhər saatlarından etibarən baş verən hadisələr nəticəsində tankerlərdə partlayışlar və yanğınlar qeydə alınıb. Gəmilərin fəaliyyətini dayandırdığı bildirilir.
SEPAH Hörmüz boğazının bağlı olduğunu bəyan edərək, buradan təhlükəsiz keçid üçün İran Silahlı Qüvvələri ilə koordinasiyanın təmin edilməsini, müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadəni və naviqasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasını tələb edib.
Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) bölgədə daha bir insident barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, Panama bayrağı altında üzən, mayeləşdirilmiş neft qazı (LPG) daşıyan “Tara Gas” tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.
Hadisədən sonra gəminin heyəti Oman sahillərində yerləşən Xəsəb limanından təxminən 7 dəniz mili məsafədə gəmini tərk etmək məcburiyyətində qalıb. Heyət üzvlərindən biri isə itkin düşüb.
Bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Tahir TAĞIYEV