ABŞ və İran arasında hərbi əməliyyatlar bərpa olunduğu halda savaşın coğrafiyasının yeni əraziləri də əhatə edəcəyi artıq rəsmən bəyan edilir. Bu dəfə Avropanın bəzi ölkələrinin ərazilərinin, eləcə də Xəzər dənizinin ABŞ-İran müharibəsinin əsas səhnələrindən biri olması gözlənilir. Artıq bu müstəvidə hərbi hazırlıqlar yüksək intensivliklə davam edir. ABŞ, xüsusən də Xəzər dənizi üzərindən İranın Rusiyadan müxtəlif məhsullar almasını, tətbiq olunan dəniz blokadasını dünyanın ən böyük gölü vasitəsilə yarmağa çalışmasını əngəlləməyə çalışır. İran isə indi onun üçün həyati əhəmiyyətə malik bu logistikasının əngəllənməsinin qarşısını almaqda israrlıdır.
Amerikanın dəniz blokadası və sanksiyalarına baxmayaraq, İran hərbi sənayesi üçün lazım olan məhsulları almağa davam edir. “Reuters” agentliyinin araşdırmasına görə, İran 2025-ci ilin yanvar ayından 2026-cı ilin iyun ayına qədər ən azı 2 milyard dollar dəyərində hərbi texnika, partlayıcı maddələr və ağır yük maşınları idxal edib. Çatdırılma üçün Xəzər dənizi vasitəsilə Rusiyadan gələn yük gəmilərindən, Orta Asiyadan avtomobil nəqliyyatından və Çindən gələn yük təyyarələrindən istifadə olunub. Bu fonda Amerika hakimiyyəti hərbi, kəşfiyyat və maliyyə strukturları arasında əməkdaşlıq yolu ilə bu kanallar üzərində nəzarəti gücləndirməyə ümid edir. Bir neçə gün öncə bu məqsədlə ABŞ Mərkəzi Komandanlığı Xəzər dənizi və İranın quru sərhədləri, o cümlədən Mərkəzi Asiyadan gələn marşrutlar vasitəsilə silah və sanksiyalı malların daşınmasının qarşısını almaq missiyası daşıyan “Dəmir Qapı” İşçi Qrupunun yaradıldığını elan edib. Fransanın “Le Monde” qəzetinin məlumatına görə, ABŞ-ın bu addımı təsadüfi deyil, çünki İran və Rusiya arasında Xəzər dənizi ticarət, hərbi təchizat üçün əsas marşruta çevrilib. Nəşr qeyd edir ki, taxıl, dronlar, sursat və hərbi komponentlər ölkələr arasında Xəzər dənizi vasitəsilə daşınır. Təkcə yanvar-avqust ayları arasında Tehran Rusiya taxılının idxalını 70% artıraraq üçüncü ən böyük alıcıya çevrilib. Bundan əlavə, Moskvanın Tehrana modifikasiya edilmiş “Şahid” dronları və daşına bilən hava hücumundan müdafiə sistemlərini Xəzər dənizi vasitəsilə çatdırdığı barədə məlumatlar var. Bütün bunlar ABŞ-nin diqqətini daha çox Xəzər üzərində fokuslamasına səbəb olur. Amma bu hal təkcə İranı, yox, Xəzərdə həyati maraqları olan Rusiyanı da ciddi narahat edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirir: “ABŞ-ın Xəzər bölgəsində İranın ticarət və nəqliyyat yollarını izləmək və bloklamaq üçün xüsusi qrup yaratmaq planları Xəzəryanı dövlətlərin hüquq və maraqlarına açıq təhdiddir. Xəzər dənizindəki təhlükəsizlik məsələləri yalnız beş sahilyanı dövlətin daxili işidir. Biz bu son eskalasiya və təxribatçı addımı beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndiririk və İran hakimiyyətinin gələcək iqtisadi təzyiqin İran iqtisadiyyatının çökməsinə səbəb olmayacağı barədə bəyanatını tam dəstəkləyirik”.
İranın dəniz ticarətinin böyük əksəriyyəti ABŞ ilə bu ilin fevralında başlanan savaşdan öncə ölkənin cənub limanları vasitəsilə həyata keçirilirdi. Lakin ABŞ-ın dəniz embarqosu və infrastruktura hava hücumları Tehranı ticarəti Xəzər dənizinə və quru sərhədlərinə yönəltməyə məcbur edir. İran hakimiyyəti Xəzər dənizindəki Ənzəli, Əmirabad və Nouşəhr limanlarından geniş şəkildə istifadə edir. ABŞ-İsrail arasında İrana qarşı müharibədən əvvəlki illərdə şimal limanlarının əsas malların daşınmasında payı 18 faizdən artıq 30 faizə yüksəlib. İranın cənubundakı Şəhid Rəcai limanından fərqli olaraq, şimal limanları ölkənin mərkəzi hissəsindəki Tehran, İsfahan və Ərak kimi böyük şəhərlərə daha yaxındır. Çindən dəmir yolu ilə Qazaxıstan vasitəsilə Aktauya, daha sonra dəniz yolu ilə Xəzər dənizi limanlarına və avtomobil yolu ilə İrana yük daşıyan Çin-Aktau-Şimali İran marşrutu da Tehran üçün müstəsna önəm kəsb edir. Bütün bunlar fonunda indi ABŞ-nin Xəzərdə də İrana qarşı fəaliyyəti Tehranın sərt reaksiyasına səbəb olur. İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi Xəzər bölgəsində Amerika təsirini genişləndirmək cəhdləri ilə bağlı Vaşinqtona xəbərdarlıq edib. Diplomatın sözlərinə görə, İran hakimiyyəti Amerika tərəfinin hərəkətlərini yaxından izləyir və Xəzər dənizinə çıxışı olan digər ölkələrlə gələcək addımları əlaqələndirmək niyyətindədir. Tehran bütün mümkün vasitələrlə Xəzər marşrutunu qorumaqda israrlıdır. Bu fonda "Fortune" jurnalı yazır ki, Ukrayna vaxtaşırı Xəzər dənizindəki gəmilərə hücum etməklə ABŞ-nin İran ətrafındakı blokadanı bağlamasına kömək edir. İranın Xəzər bölgəsi ABŞ və İsrail hücumlarına daha az məruz qalsa da, hələ bu ilin iyul ayında Ukrayna Tehranın İrana məxsus balıqçı gəmisini vurması nəticəsində bir mülki şəxs həlak olub. Ukrayna bunun İrana hərbi yük daşıyan Rusiya hərbi gəmisi olduğunu bəyan edib. Beləliklə, baş verənlər Xəzər dənizinin də artıq İran-ABŞ qarşıdurmasında əsas meydanlardan biri kimi indi adının dünyada daha çox hallanmasını şərtləndirir.
Samirə SƏFƏROVA