İrəvandakı tarixi Azərbaycan abidəsi olan Göy məscidin mərasim (iclas) zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və bu tədbirdə İran rəsmilərinin də iştirak etməsi Azərbaycanda kəskin etirazlarla qarşılanıb.
Azərbaycan tərəfi bu addımı tarixi-mədəni irsin təhrif edilməsi, milli və dini dəyərlərə qarşı təxribat və hörmətsizlik kimi qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyanat yayaraq Göy məscidin tarixi kimliyinin təhrif olunmasını və Azərbaycan xalqının mədəni-dini irsinin mənimsənilməsi cəhdlərini pisləyib, İran və Ermənistan tərəflərini tarixi faktlara hörmət etməyə çağırıb.
Qərbi Azərbaycan İcması bu hadisəni Azərbaycan xalqının milli və dini ruhuna qarşı növbəti təhqir və çirkin hərəkət adlandırıb.
Yerli media və analitiklər bu addımın iki ölkə arasında sülh səylərinə zərbə vurduğunu, həmçinin Tehranın erməni tərəfi ilə birlikdə bu prosesdə iştirak etməsinin qəbuledilməz olduğunu vurğulayıblar.
Ermənilər İrəvandakı tarixi Azərbaycan dini irsi olan Göy məscidi təhqir ediblər. Təəssüf ki, nə İranın, nə də Türkiyənin məsələyə reaksiyası yoxdur. Yalnız Azərbaycan özü Ermənistanın bu addımına kəsin reaksiya verib. İran niyə susur? Türkiyənin AKP hökumətinin də səsi çıxmır, harada qaldı islam həmrəyliyi?
Ekspertlər hesab edir ki, AKP iqtidarı Ermənistanın bu hərəkətlərinə ilk reaksiya verən ölkələrdən olmalı olduğu halda hər hansı bir reaksiya verməyib, bu isə təəssüf doğurur.
Ekspertlər qeyd edir ki, Türkiyənin rəsmi mənbələrində bu hadisəni pisləyən ayrıca hökumət və ya AKP bəyanatına rast gəlinməyib. Ekspertlərin sözlərinə görə, halbuki Türkiyə rəsmiləri Mescid-i Əqsaya qarşı təxribatları pisləyərkən müqəddəs məkanların qorunmasını bütün İslam dünyasının məsuliyyəti kimi təqdim edirlər.
Üstəlik, noyabrın 11-də Ərdoğan Paşinyanla görüşərək Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasını müzakirə edib. Rəsmi məlumatda Göy məscid məsələsinə toxunulmayıb. Ekspertlər deyirlər ki, hicab məsələsini əlində bayraq edən və “din-iman əldən getdi” motivli davranış sərgiləyən AKP iqtidarının Göy məscidin murdarlanmasına etiraz bildirməsi gərək idi, lakin biz bunu görmədik.
Ekspertlərə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması diplomatik prosesdir. Ancaq normallaşma tarixi həqiqətlərə və dini abidələrin kimliyinə hörmət hesabına aparılmamalıdır.
İslam həmrəyliyi yalnız Qüds məsələsində, yaxud siyasi maraqlar tələb edəndə xatırlanmamalıdır. İrəvandakı Göy məscid də müsəlman irsidir və onun tarixi kimliyinə hörmət göstərilməsi tələb olunmalıdır.
Ekspertlərin fikrincə, AKP hökumətindən gözlənilən ən azı bir aydın diplomatik mövqedir: Göy məscidin tarixi irsinə hörmət edilməli, onun dini təyinatına və Azərbaycanla bağlı tarixi kimliyinə xələl gətirən addımlara yol verilməməlidir.
İlahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, İrəvanda Göy məscidin təhqir edilməsi əslində mövcud sülh prosesinə xələl gətirmək cəhdidir və burada da əsas rol İrandadır. “İranın vitse-prezidentinin sözü gedən təhqir prosesində iştirakı da bunu təsdiq edir. O məscid Azərbaycan məscididir. Ola bilsin ilkin olaraq Azərbaycan tərəfi etirazını bildirdikdən və problemin həllinə nail olmağa çalışdıqdan sonra ehtiyac yaransa digərləri də səsini çıxaracaq. İran tərəfi İslamı öz mənfur siyasətinin qurbanına çevirib. İran İrəvandakı Göy məscidi də öz terror yuvasına çevirib. Öncə o məscid fars ideoloji irsindən təmizlənməlidir. İran məscidi özününkü hesab edərək belə təhqiretmə və zamanla təhrifetmə proseslərində iştirakı ilə dini abidələri də türk - müsəlman xalqına qarşı silah kimi istifadə etdiyini bir daha sübut etmiş olur. Ermənistan isə düşünüb kənar təsirlərə uymamalı, revanşizmə getməməli, İran terrorunun qurbanına çevrilməməlidir. Türkiyənin də bu məsələdə öz etirazını bildirməsi lazımdır”.
T.İrfan hesab edir ki, İran İrəvandakı dini abidələri ortaq İslam dəyəri kimi yox, yalnız məzhəbin ideoloji mərkəzi kimi təqdim edərək öz adına çıxır. “Türk dövlətləri, ümumiyyətlə Türk Dövlətləri Təşkilatı üzvlərinin hər biri İranın bu cür təxribatçı terrorlarına qarşı çıxmalıdırlar. Ermənistanın hakimiyyətini bu cür çirkin əməllərə təhrik edərək sonra da təşkil etdikləri prosesdə fəxrlə iştirak edən fars anti-İslam rejiminə etiraz notası təqdim olunmalıdır. Ermənilər İranın vitse-prezidentinin iştirakı ilə məscidi təhqir edərək onun bir bölümünə erməni adı veriblər. Bir müddətdən sonra da həmin bölmədə İran rəsmiləri ilə siğəxana açıb şərab içəcəklər. Bu, yolverilməzdir. İndiyədək ermənilərin təhqir etdiyi bütün dini abidələrimizin məhv edilməsində, təhrif olunmasında mənfur molla rejiminin əli və iştirakı var. İrəvandakı Göy məscidin Azərbaycan irsi olması bir daha dünyaya bəyan olunmalıdır. Zəngəzur dəhlizinin açılmasına qarşı İran tərəfin təxribatları Ermənistanın revanşist dairələri davam etdikcə belə hallar olacaqdır. İran hər zaman müsəlman və türk dünyası arasında qaratikan kolu kimidir. Bu yaxında ABŞ-ın böyük siyasətçilərindən biri də etiraf etdi ki, İran rejimini onlar gətirib ki, müsəlman aləmini parçalasınlar. Hesab edirəm ki, həm dövlət səviyyəsində həm də dini idarələrin etiraz məktubu ilə İrana nota verilməli, Ermənistana xəbərdarlıq olunmalıdır. Əks halda Bakıdakı erməni kilsəsinə də biz Mirzə Fətəli Axundovun adının verilməsi məsələsinə baxa bilərik”-deyə T.İrfan qeyd etdi.
İradə SARIYEVA