Noyabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərinin Slavyanka mikrorayonunda hərbçinin olduğu avtomobil partladılıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin polkovniki həlak olub.
“Fontanka” nəşrinin məlumatına görə, partlayıcı qurğu avtomobilin alt hissəsinə yerləşdirilib və polkovnik həyətindən çıxarkən məsafədən işə salınıb.
Məlumata görə, hərbçi Rusiya Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının 6-cı ordusunda xidmət edib. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.
Bu, son üç ay ərzində Sankt-Peterburqda hərbçilərin olduğu avtomobillərin partladılması ilə bağlı ikinci hadisədir. Avqustun 27-də eyni mikrorayonda baş verən partlayış nəticəsində polkovnik-leytenant həlak olmuş, onun həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Bundan əvvəl, avqustun 13-də Sevastopolda Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şageyev avtomobil partlayışı nəticəsində ölmüşdü.
Avqustun 1-də isə Moskvadakı Balzi Rossi restoranında baş verən partlayış nəticəsində beş nəfər həlak olmuş, azı 19 nəfər yaralanmışdı. Hadisənin mümkün hədəfinin Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı general Aleksandr Çayko ola biləcəyi barədə iddialar səsləndirilsə də, onun vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Tahir TAĞIYEV