(Bir müəllimin fenomenə çevrilən həyat hekayəsi)
Bəzən illərlə çəkilən zəhmətin nəticəsi qısa müddətdə böyük uğura çevrilir. Şamaxıda yaşayan ingilis dili müəllimi Heydər Nəsirovun – sosial şəbəkələrdə "Teacher Haydar" adı ilə tanınan müəllimin – son dövrlərdə qazandığı populyarlıq bunun əyani nümunəsidir. Uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olan Heydər Nəsirov öz bilik və təcrübəsini daha geniş auditoriyaya çatdırmaq məqsədilə sosial şəbəkələrdə tədris videoları paylaşmağa başlayıb. Sadə, anlaşıqlı və maraqlı dərs təqdimatları qısa müddətdə böyük maraq doğurub. Onun videoları yüz minlərlə baxış toplayıb, on minlərlə dəfə paylaşılıb. Xüsusilə bir tədris videosunun 800 min izlənilməsi, 50 mindən çox paylaşılması müəllimlik sahəsində sosial şəbəkə uğurunun diqqətəlayiq nümunələrindən birinə çevrilib. Diqqətəlayiq cəhət budur ki, "Teacher Haydar" məşhurluğa qalmaqal və əyləncə ilə deyil, məhz tədris fəaliyyəti ilə nail olub. Qısa zaman ərzində onun haqqında müxtəlif internet saytlarında çoxsaylı məqalələr, müsahibələr dərc edilib, hətta sosial şəbəkələrdə dünya ölkələrindən - Amerikadan, (xüsusilə Nyu-York, Los-anceles şəhərlərindən) Kanada, İsveçrə, Avstriya, Türkiyədən onlarla şəxs onun uğuruna münasibət bildirib. Beləliklə, illərlə kiçik bir məhəllədəki sinif otağında davam edən müəllimlik fəaliyyəti ölkə miqyasında, bəlkə də deyərdim dünya miqyasında tanınmağa başlayıb. Heydər Nəsirov yalnız müəllim kimi deyil, şair kimi də tanınır. Uzun illərdir ədəbi yaradıcılıqla məşğuldur. Şeirlərinə tanınmış bəstəkarlar tərəfindən mahnılar bəstələnərək, populyar müğənnilər tərəfindən ifa olunub. Şairlik fəaliyyəti ilə əlaqədar radio və televiziya verilişlərinə dəvət alıb, yaradıcılığı haqqında süjet və proqramlarda çıxış edib. Onun həyat və fəaliyyətində maraqlı məqam iki fərqli istiqamətdə – poeziyada və müəllimlikdə qazandığı ictimai tanınmadır. Lakin son dövrlərdə "Teacher Haydar" adını ölkə gündəminə gətirən əsas amil məhz ingilis dili tədrisi və sosial şəbəkələrdəki maarifləndirici fəaliyyətidir. Heydər Nəsirovun uğur hekayəsi bir daha göstərir ki, müəllimlik yalnız bilik vermək deyil, həm də cəmiyyətə təsir etmək, insanlarda öyrənməyə maraq yaratmaq sənətidir. Onun timsalında illərin zəhməti, peşəyə sədaqət və müasir texnologiyalardan düzgün istifadə birləşərək yeni bir müəllim obrazı yaradıb. Məqaləmin sonunda fenomenliyini öz zəhməti ilə qazanan bu şəxsi bir cümlə ilə belə xarakterizə edərdim: "Teacher Haydar" – şöhrətini qalmaqalla deyil, biliyi, zəhməti və müəllimlik missiyası ilə qazanan müəllim.
Müəllif: Sulduz Səlimov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,
iqtisad üzrə fəlsəfə doktoru.