Bolqarıstanın Varna şəhərində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirilib. Nümayişçilər onun kortejinə meyvə, tərəvəz və yumurta atıblar. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.
Etiraz aksiyası “Dirçəliş” partiyasının tərəfdarları tərəfindən “Varna müharibə deyil, sülh istəyir!” şüarı altında təşkil olunub.
Aksiya iştirakçıları Avropa Komissiyasının rəhbərini “Ursula, burada xoş qarşılanmırsınız!” şüarları ilə qarşılayıb, onu şəhəri tərk etməyə çağırıblar. Nümayişçilər, həmçinin fon der Lyayenin Bolqarıstanı tərk etməsini tələb edən plakatlar qaldırıblar. Plakatlardakı şüarlar bolqar, ingilis və alman dillərində yazılıb.
BTA-nın məlumatına görə, Avropa Komissiyasının rəhbərinin korteji Nikolay Vaptsarov adına Ali Hərbi Dənizçilik Məktəbinin binasına yaxınlaşarkən etirazçılar avtomobil karvanına meyvə, tərəvəz və yumurta atıblar.
Tahir TAĞIYEV