ABŞ-ın maliyyə naziri Skott Bessent İrandan gələn təhdidlər səbəbindən Vaşinqtondakı evini tərk edərək hərbi bazada məskunlaşıb.
“The New York Times” qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, son həftələrdə ABŞ rəsmiləri İranın hazırkı və keçmiş amerikalı dövlət rəsmilərinə qarşı sui-qəsd planlarının daha təhlükəli mərhələyə keçdiyi qənaətinə gəliblər.
Skott Bessent avqust ayından etibarən Tehranın maliyyə baxımından təcrid olunmasına yönəlmiş iqtisadi təzyiq kampaniyasına rəhbərlik edir.
Nəşrin mənbələrinin bildirdiyinə görə, bu fəaliyyət Bessenti Donald Tramp administrasiyasında İranın ən çox zərər vermək istədiyi yüksək vəzifəli şəxslərdən birinə çevirib. Bununla belə, nazirə qarşı təhdidlərin konkret xarakteri və nə dərəcədə ciddi olduğu hələlik açıqlanmayıb.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi isə bildirib ki, Bessent İran rejiminin təhdidlərindən geri çəkilmək niyyətində deyil. Onun sözlərinə görə, nazir İran iqtisadiyyatına təzyiq göstərilməsinə yönəlmiş kampaniyanı qətiyyətlə davam etdirməkdə qərarlıdır.
Tahir TAĞIYEV