Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, KTMT ölkələri Ermənistanın təşkilatdakı səsvermə hüququndan məhrum edilməsi məsələsini nəzərdən keçirəcəklər.
Onun sözlərinə görə, görüş zamanı tərəflər Ermənistanın KTMT Nizamnaməsi üzrə təşkilatın büdcəsinə illik ödənişlərlə bağlı öhdəliklərini yerinə yetirməməsi məsələsini müzakirə etmək məcburiyyətində qalıblar.
"Qərar layihəsi (KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı) Ermənistan vətəndaşlarının təşkilatın orqanlarında kvota vəzifələrinə namizədlik hüququnun dayandırılmasını və borc tam ödənilənə qədər səsvermə hüquqlarından məhrum edilməsini nəzərdə tutur. Bu qərar layihəsinə sabah Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında baxılacaq", - deyə Lavrov KTMT Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin baş katibi Taalətbek Masadıkovla keçirdiyi mətbuat konfransında bildirib.
Lavrov bildirib ki, Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilsə belə, İrəvan kollektiv təhlükəsizlik hüququnu qoruyub saxlayacaq.
“Vurğulamaq istərdim ki, hətta bu qərardan sonra belə, erməni həmkarlarımız, əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində bütün fundamental hüquqlarını, o cümlədən kollektiv təhlükəsizlik hüququnu qoruyub saxlayacaqlar”, - deyə o, bildirib.
Lavrov onu da qeyd edib ki, Rusiya Ermənistanı KTMT-dən çıxarmaq niyyətində deyil: "Əgər onlar bizim Ermənistanı (KTMT-dən) çıxarmağımızı istəyirlərsə, biz bunu etməyəcəyik".
Tahir TAĞIYEV