Əbu-Dabidə danışıqlardan əvvəl həm Rusiya, həm də Ukrayna nümayəndələri ərazi məsələsində açıq şəkildə barışmaz mövqelər tutmalarına baxmayaraq, potensial ərazi mübadiləsinə "müəyyən qədər meylli" olduqlarını göstərməyə hazır olduqlarını gizli şəkildə bildiriblər. Bu barədə “Reuters” agentliyinə BƏƏ-də Ukrayna danışıqlarından əvvəl jurnalistlərə brifinq verən ABŞ rəsmisi məlumat verib.
Rəsmi olaraq, Kiyev müharibədən əvvəlki sərhədləri bərpa etməyə çalışır, Kreml isə bütün Donbası tələb edir. Lakin rəsminin sözlərinə görə, şəxsi müzakirələrdə iki tərəf kompromis potensialını nümayiş etdirib.
Fevral ayından bəri müharibəyə son qoymaq məqsədi daşıyan ilk ABŞ-Ukrayna-Rusiya danışıqları Əbu-Dabidə başlayıb və 11 noyabr tarixinə qədər davam edəcək. Müzakirələrdə əsas məsələ Ukraynanın təhlükəsizlik təminatları, o cümlədən NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq ölkənin qorunması məsələsi olacaq, “Reuters” agentliyinin mənbəsinin sözlərinə görə, tərəflər danışıqların sonunda yalnız müharibədən sonrakı təhlükəsizlik arxitekturası da daxil olmaqla digər məqamlar üzrə razılığa gəldikdən sonra ərazi razılığına gələ biləcəklər. Əvvəllər Prezident Vladimir Putinin Donbasın işğal olunmamış hissəsinin təslim edilməsini yalnız atəşkəs üçün ilkin şərt kimi tələb etdiyini bildirilmişdi.
Mənbələrin məlumatına görə, Ukraynanı və Avropanı zəiflətmək niyyətində olan Putin, NATO ilə təhlükəsizlik zəmanətlərini də əhatə edən yekun razılaşmanın bir hissəsi olaraq daha çox ərazi güzəştləri gözləyir. Eyni zamanda, Rusiya prezidenti danışıqlarda üstünlüyünü bərpa etmək üçün Ukrayna şəhərlərinin və infrastrukturunun bombalanmasını gücləndirməyi hədəfləyir.
Bu ərəfədə Prezident Donald Tramp Moskva və Kiyevin sülh müqaviləsi bağlamağa yaxın olduqlarını, lakin müharibə bitdikdən sonra Ukraynanın sərhədlərinin dəyişə biləcəyini bildirib: "Düşünürəm ki, biz bunu həll edəcəyik, düşünürəm ki, bu baş verəcək və sonda Ukrayna bir az fərqli vəziyyətdə olacaq".
Tahir TAĞIYEV