XXI əsrin urbanizasiya dinamikası şəhər məkanının səmərəli təşkilini zəruri edir. Şəhərlərin üfüqi istiqamətdə genişlənməsi həm ekoloji tarazlığı pozur, həm də mühəndis-kommunikasiya şəbəkələrinin tikinti və istismar xərclərini eksponent olaraq artırır. Şaquli şəhərsalma nəzəriyyəsi şəhər funksiyalarının – yaşayış, iş, ticarət və istirahət məkanlarının – şaquli ox üzrə inteqrasiyasını nəzərdə tutur. Sıxlaşma nəzəriyyəsi isə mövcud urbanizasiya olunmuş ərazilərin daxili resurslar hesabına yenidən qurulmasını və sıxlığın optimal idarə edilməsini hədəfləyir. Sıxlaşma nəzəriyyəsinin kökləri "Məhsuldar/" "Yığcam Şəhər" konsepsiyasına söykənir. Bu nəzəriyyəyə görə, yüksək sıxlıqlı şəhər strukturu aşağıdakı üstünlükləri təmin edir: 1. İnfrastruktur effektivliyi: Kommunikasiya xətlərinin (su, elektrik, qaz, kanalizasiya) uzunluğu azalır, itkilər minimuma enir . 2. Nəqliyyat səmərəliliyi: Piyada əlçatanlığı artır, ictimai nəqliyyatın istifadə göstəriciləri yüksəlir və fərdi avtomobillərdən asılılıq azalır. 3. Ekoloji mühafizə: Şəhər ətrafındakı təbii landşaft və kənd təsərrüfatı təyinatlı torpaqlar tikintidən mühafizə olunur. Şaquli şəhərsalma sadəcə hündürmərtəbəli binaların tikintisi demək deyildir. O həm də, çoxsəviyyəli şəhər mühitinin formalaşdırılması sistemidir. Ənənəvi şəhərsalmada zonalaşdırma üfüqi müstəvidə (sənaye, yaşayış, mərkəz) aparılırdısa, şaquli şəhərsalmada bu funksiyalar vahid bina və ya kompleks çərçivəsində şaquli paylanır. Belə ki, aşağı səviyyələrdə nəqliyyat qovşaqları, avtoduracaqlar, logistika və texniki xidmətlər yerləşir. Orta səviyyələrdə ticarət obyektləri, ofislər, mədəniyyət və təhsil mərkəzləri; Yuxarı səviyyələrdə yaşayış sahələri, otellər, rekreasiya zonaları və yaşıl dam sistemləri yer alır. Xatırladaq ki, şaquli sıxlaşma həm də, binaların aero-dinamik göstəricilərinin, insolyasiya rejiminin və kölgələnmə effektlərinin dəqiq hesablanmasını tələb edir və eyni zamanda, biomimetiya və şaquli bağçılıq texnologiyaları vasitəsilə binaların fasadları şəhər mikroklimatını tənzimləyən, "istilik adası" effektini azaldan aktiv komponentlərə çevrilir. Qeyd edək ki, şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi müasir meqapolis böhranının aradan qaldırılmasında əsas strateji alətlərdən biridir. Bununla belə, sıxlaşma prosesi infrastrukturun tutum imkanları ilə balansa gətirilməli, sosial-psixoloji rahatlıq və vizual-aerodinamik komfort nəzərə alınmalıdır. Onu da xüsüsi qeyd sdək ki, dayanıqlı şaquli sıxlaşma üçün nəqliyyat-yönümlü İnkişaf prinsipləri şaquli komplekslərə inteqrasiya olunmalıdır. Eyni zamanda, qanunvericilikdə multifunksional hündürmərtəbəli zonalar üçün xüsusi şəhərsalma normativləri müəyyən edilməlidir. Və nəhayət, rekreasiya və ictimai məkanlar binaların müxtəlif hündürlük səviyyələrində təşkil olunmalıdır. Yuxarıda qeyd olunanları daha da konkretləşdirmək üçün Şuşa və Füzuli şəhərlərinin timsalında, Qarabağın tarixi şəhərlərində sıxlaşma və hörgü texnikasına nəzər salaq: Öncə qeyd edək ki, müasir şaquli sıxlaşma prinsipləri texnoloji nailiyyətlərə söykənsə də, tarixi Qarabağ memarlıq məktəbində relyefə uyğunlaşma və məkan sıxlığı baxımından özünəməxsus organik sıxlaşma modelləri formalaşdırmışdır. Aşağıdakı cədvəldə bu aydın görünür:
Göstərici / Parameter Şuşa Şəhərsalma və Hörgü Modeli Füzuli (Qarabağ düzən/dağətəyi) Modeli
Relyefə Uyğunlaşma və Məkan Təşkili Amfiteatr tipli, maili relyefdə terrassavarı sıxlaşma. Binaların hündürlüyü insolyasiyanı kəsməyəcək şəkildə pilləli paylanır. Geniş həyətyanı sahələrlə müşayiət olunan, düzən və dağətəyi relyefə uyğun üfüqi-məhəllə sıxlaşması.
Konstruktiv hörgü texnikası (material)
Yerli əhəngdaşı (əhəng məhlulu ilə). Binalarda seysmik və iklim dayanıqlığını təmin edən "şirvanşah/qarabağ" tipli daş hörgü ritmi. Əhəngdaşı və yerli çay daşı kombinasiyası; bünövrədən divara doğru keçiddə qarışıq hörgü (kompozit) sistemi .
Klimatik və seysmik adaptasiya
Zərbələrə və seysmik titrəyişlərə qarşı divariçi ağac qurşaqlar (xətıllar) və şaquli yükpaylayan daş tağlar. İsti iqlimə qarşı qalın xarici divar hörgüsü, kölgələndirici eyvan sistemləri və daxili həyət mikroklimatı.
Cədvəldən də aydın göründüyü kimi, Şuşanın amfiteatr formalı şəhərsalma strukturu yerli əhəngdaşı hörgüsünün dözümlülüyünə və dik dağ relyefində pilləli sıxlaşmaya əsaslandığı halda, Füzuli regionunun memarlığı dağətəyi kənd təsərrüfatı və ticarət yollarının kəsişməsində formalşan relyef-məkan balansını əks etdirir. Hər iki model müasir şaquli sıxlaşma nəzəriyyəsi üçün lokal materilşünaslıq və təbii klimatik adaptasiya təcrübəsi təqdim edir. Nəticə olarq qeyd edək ki, şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi müasir meqapolis böhranının aradan qaldırılmasında əsas strateji alətlərdən biridir. Bununla belə, sıxlaşma processesi infrastrukturun tutum imkanları, regional memarlıq ənənələri və lokal hərbi-seysmik təhlükəsizlik amilləri ilə balansa gətirilməlidir. Dayanıqlı şaquli sıxlaşma üçün aşağıdakı təkliflər qaçılmazdı 1. Nəqliyyat-Yönümlü İnkişaf prinsipləri şaquli komplekslərə inteqrasiya olunmalıdır. 2. Qanunvericilikdə multifunksional hündürmərtəbəli zonalar üçün xüsusi şəhərsalma normativləri müəyyən edilməlidir. 3. Rekreasiya və ictimai məkanlar binaların müxtəlif hündürlük səviyyələrində təşkil olunmalıdır. 4. Yenidənqurma layihələrində Qarabağ memarlıq məktəbinin daş hörgü və relyef-sıxlıq adaptasiyası prinsiplərindən müasir biomimetiya aləti kimi istifadə edilməlidir. Rizvan QARABAĞLI Memarlıq üzrə fəlsəfə doktoru, dosent