9 oktyabr 2020-ci il tarixi İkinci Qarabağ müharibəsinin hərbi-strateji gedişatında mühüm dönüş mərhələsini təşkil edir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Hadrut qəsəbəsini işğaldan azad edilməsi regionun geosiyasi mənzərəsini tamamilə yenilədi.
Hadrut qəsəbəsinin azad edilməsi hərbi baxımdan mühüm strateji qələbə hesab olunur. Strateji nöqteyi-nəzərdən həmin coğrafi məkanın nəzarət altına alınması Şuşa istiqamətindəki hərəkət marşrutunu açaraq, ordumuzun manevr imkanlarını genişləndirdi. Qəsəbənin topoqrafik xüsusiyyətləri erməni hərbi qruplaşmalarına təbii üstünlük verirdi. Lakin Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri standart yanaşmalardan kənarlaşaraq fərqli sızma taktikası tətbiq etdilər. Qarşı tərəf ağır artilleriya hücumu gözlədiyi halda, bölmələrimiz çətin dağ yolları vasitəsilə irəliləyərək rəqibin arxa cəbhəsinə ciddi zərbələr endirdi. Bütün logistik təminat yolları kəsildi, rəqibin dəstək mexanizmləri məhv edildi. Hərbi əməliyyatların düzənlik ərazilərdən dağlıq zonaya keçid mərhələsində göstərilən yüksək peşəkarlıq komandanlığın qərar qəbuletmə mexanizminin effektivliyini təsdiqləyir. Əməliyyatın gedişində ərazinin relyef üstünlüklərindən məharətlə istifadə edilib. Hücum zərbələri qarşı tərəfin gözləmədiyi istiqamətlərdən endirildi.
Ramil Məmmədli: “Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu” Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində məğlub olmasına zəmin yaratdı: “Ərazinin strateji əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Ordusu ilk dəfə olaraq cənub istiqamətindən Qarabağın dağlıq hissəsinə keçid edib, bu istiqamətdə irəliləməyə başladı. Məsələ ondadır ki, oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Hadruta hücum üçün zəmin formalaşdırdı. Erməni tərəfi Cəbrayıl şəhərinin azad edilməsindən sonra Hadruta hücumu gözləmirdi. Onlar Hadrutu alınmaz qala hesab edirdilər. Erməni tərəfi hesab edirdi ki, Cəbrayıldan sonra Azərbaycan Ordusu yalnız Qubadlı və Zəngilan istiqamətində hücumu davam etdirəcək. Azərbaycan Ordusu Hadrut ətrafındakı yüksəklikləri azad etməklə digər əraziləri də asanlıqla nəzarətə götürüb. Hadrutun azad edilməsi ordumuzun manevr imkanlarını artırdı və Şuşa, Kirs, eləcə də Kirs dağı istiqamətində hərəkət etməsinə, Füzuli, Şuşa, Xankəndi, Xocavənd, eləcə də Qarğabazar istiqamətində təchizat yollarına nəzarət etməyə imkan yaratdı. Bir sözlə, Hadrutun azad edilməsi Vətən müharibəsində dönüş nöqtəsi oldu. Məlum oldu ki, artıq işğalçı qüvvələrin məğlub olması qaçılmazdır”.
Vidadi ORDAHALLI