5 noyabr, cümə axşamı günü Fransanın böyük şəhərlərində yenidən minimum əmək haqqının artırılmasını tələbi ilə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlarda təxminən 575 000 nəfər iştirak edib. Fransanın ən böyük həmkarlar ittifaqı olan CGT isə iştirakçıların sayının 1,6 milyon nəfər olduğunu bildirib. Aksiyalar ölkənin müxtəlif bölgələrini əhatə edib. 448 nəfər saxlanılıb. Fransa Daxili İşlər Nazirliyi bildirib ki, Marsel, Nant, Lion, Bordo və Strasburq kimi şəhərlərdə polis əməkdaşları yüzlərlə "radikal solçu ekstremist"dən ibarət qrupların hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, ölkə üzrə 86 yanğın hadisəsi qeydə alınıb. Nazirlik həmçinin məktəblərə ciddi ziyan dəydiyini, təhsil müəssisələrinin əməkdaşlarının isə xəsarət aldığını açıqlayıb. "dpa" xəbər agentliyinin məlumatına görə, məsələn, Tuluza şəhərində iğtişaşçılar məktəb binasının içərisində yanğın törədib, sinif otaqlarını dağıdıb və kompüterləri məhv ediblər. Parisin ətrafındakı La-Kurnev (La Courneuve) qəsəbəsində isə bir gənc, məktəbin girişini bağlamaq aksiyasında iştirak edən şagirdi bıçaqlayıb. Lill şəhərində isə təhsil müəssisəsinin giriş hissəsinin yandırılmasından sonra binadakı insanlar təxliyə edilməli olub.
SAMİRƏ