Müasir ali məktəb təhsilində fundamental elmi tədqiqatların bilavasitə tədris prosesinə inteqrasiyası və yüksəkixtisaslı mütəxəssis hazırlığı birbaşa müəllimin elmi potensialı, pedaqoji səriştəsi və şəxsi keyfiyyətləri ilə müəyyən olunur. Elmi axtarışlarla pedaqoji fəaliyyəti uğurla uzlaşdıran, zəngin təcrübəsi və təşkilatçılıq qabiliyyəti ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədovanın çoxillik fəaliyyəti bu vəhdətin parlaq nümunəsidir.
Naibə xanım Əhmədova 1966-cı il noyabrın 8-də Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini 11 saylı tam orta məktəbdə başa vurduqdan sonra 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Təhsildə əldə etdiyi yüksək göstəricilərə görə dərs əlaçısı kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinə ezam edilmiş və 1990-cı ildə ali təhsilini həmin elm mərkəzində tamamlamışdır.
1992-ci ildən taleyini ölkənin qabaqcıl pedaqoji kadr ocağı olan ADPU-ya bağlayan Naibə xanım “Azərbaycan tarixi” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrini icra etmiş, tədrisin bütün mərhələlərini zəhmətlə keçmişdir. 2016-cı ildən isə o, kafedraya uğurla rəhbərlik edir.
Kafedra müdiri kimi dosent Naibə Əhmədovanın fəaliyyətində təşkilatçılıq bacarığı ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri xüsusi yer tutur. O, kollektivdə səmimi, qarşılıqlı hörmətə və etimada əsaslanan, intellektual azadlığı dəstəkləyən demokratik idarəçilik mühiti formalaşdırmışdır. Həmkarlarına münasibətdə prinsipiallıqla xeyirxahlığı uzlaşdıran, gənc tədqiqatçıların təşəbbüslərini hər zaman dəstəkləyən bir rəhbər və gözəl insan kimi kafedranın mənəvi bütövlüyünün, sağlam elmi əhval-ruhiyyəsinin başlıca təminatçısıdır.
Təcrübəli pedaqoq kimi N.Əhmədovanın auditoriya fəaliyyəti “Azərbaycan tarixi (1747–1917)”, “Azərbaycan tarixi (1918–2026)” və “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” kimi əsas fənlərin tədrisini əhatə edir. O, bu fənlərin tədrisində elmi-nəzəri biliklərlə yanaşı, vətənpərvərlik, milli dövlətçilik təfəkkürü və azərbaycançılıq ideologiyasının gələcək müəllim nəslinə aşılanmasını başlıca meyar kimi ön plana çəkir. Naibə xanım mühazirələrində xalqımızın zəngin dövlətçilik ənənələrini, qəhrəmanlıq səhifələrini, istiqlal mübarizəsini və tarixi ədalətin bərpası yolunda qazanılan zəfərləri dərindən təhlil edərək tələbələrdə milli mənlik şüurunun, vətənə sədaqət hissinin və elmi-tənqidi düşüncə mədəniyyətinin möhkəmlənməsinə xüsusi önəm verir.
Alim-pedaqoqun tədrisin elmi-metodiki təminatına verdiyi töhfələr həm ali, həm də orta təhsil pilləsini əhatə etməklə xüsusi sistemliliyi ilə seçilir. Naibə Əhmədova ali məktəblərin bakalavriat səviyyəsində “Tarix müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi” ixtisasları, eləcə də qeyri-ixtisas fakültələri üçün “Azərbaycan tarixi”, “Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər” və digər fənlər üzrə baza tədris proqramlarının müəllifidir.
Bununla yanaşı, tədqiqatçı ali məktəblərin ixtisas fakültələri üçün nəzərdə tutulan ikicildlik fundamental “Azərbaycan tarixi (1747–1917)” və “Azərbaycan tarixi (1918–2025)”, “Qafqaz Albaniyası tarixinin oçerkləri”, “XIX əsr-XX əsrin əvvəlləri Azərbaycan tarixinin tarixşünaslığı”və digər dərsliklərin, qeyri-tarix fakültələri üçün tədris və metodik vəsaitlərinin əsas müəlliflərindəndir.
Pedaqoji fəaliyyətlə yanaşı, N.Əhmədova ardıcıl elmi araşdırmalar aparan tədqiqatçıdır. 2008-ci ildə “XIX əsrin I yarısında çarizmin Şimali Azərbaycanda vergi siyasəti” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Naibə xanım həmçinin “XIX əsr – XX əsrin əvvəlləri Şimali Azərbaycan tarixinin tarixşünaslığı” mövzusunda elmlər doktorluğu dissertasiyasını tamamlayaraq Müdafiə Şurasına təqdim etmiş, 2025-ci ildə eyniadlı fundamental monoqrafiyasını nəşr etdirmişdir.
Alimin elmi fəaliyyətində Azərbaycan tarix elminin beynəlxalq müstəvidə təmsilçiliyi xüsusi çəkiyə malikdir. O, Almaniyanın Münxen şəhərində təşkil olunan beynəlxalq konfransda, Türkiyənin Ankara (XVIII Türk Tarix Konqresi) və Qars şəhərlərindəki simpoziumlarda, Rusiya Dövlət Humanitar Universitetində, Belarus-Rusiya Universitetinin A.A.Qromıko adına Forumunda və Qafqazşünas tarixçilərin Stavropol-Pyatiqorsk beynəlxalq forumunda məruzələrlə çıxış edərək xalqımızın tarixi keçmişini, soyqırımı faktlarını və mənbəşünaslıq problemlərini beynəlxalq auditoriyaya çatdırmışdır.
Çoxillik səmərəli fəaliyyətinə və təhsilin inkişafındakı xidmətlərinə görə dosent Naibə Əhmədova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
60 illik yubileyini elmi məhsuldarlıq, pedaqoji nüfuz və kafedrada yaratdığı sağlam mənəvi mühitlə qarşılayan dəyərli alim, gözəl insan və fədakar pedaqoq Naibə Əhmədovanı təbrik edir, ona möhkəm cansağlığı və yeni elmi-tədris nailiyyətləri arzulayırıq.
Mübariz Ağalarlı
AMEA-nın Tarix və Etnologiya İnstitutunun
aparıcı elmi işçisi, ADPU-nun dosenti