Seyid Camal Əzimbəyli: “Hesab edirəm ki, Türkmənistan qapalı və neytral ölkə olduğu üçün buna imkan verməz”
Türkiyə Diyanət İşləri Başkanlığının (Diyanet) sədri professor Safi Arpaquş, Arkadağın Ruhi Metjidi Məscidinin baş imamı və məsciddəki Ali İlahiyyat Məktəbinin (mədrəsə) rektoru Yalkap Hocaquliyevin rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyətini qəbul edib.
Bu barədə Türkiyə Diyanət İşləri Başkanlığı məlumat yayıb.
Görüşdə Türkiyə ilə Türkmənistan arasındakı tarixi, mədəni və dini əlaqələr, eləcə də dini təhsil və dini xidmətlər sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər birgə təhsil layihələrinin həyata keçirilməsi və Diyanət təqaüd proqramı çərçivəsində türkmən tələbələrinin təhsili imkanlarını müzakirə ediblər. Bundan əlavə, gündəliyə tələbə mübadiləsi və dini ədəbiyyatın təmin edilməsi, eləcə də iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı səfərlərin genişləndirilməsi daxil edilib.
Bütün bunların fonunda gözləmək olarmı ki, Türkmənistanda da nə vaxtsa Türkiyənin təsiri ilə AK Parti iqtidarı oradada hicabın yayılması üçün müəyyən gizli işlərlə məşğul olsun? Mümkündürmü bu?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən şərqşünas Seyid Camal Əzimbəyli buna birmənalı yanaşmadı: “Prinsipcə, belə halların haçansa baş verməsi istisna deyil. Nəinki Türkiyə, İran, dini qüvvələrin hakimiyyətdə olduğu digər müsəlman ölkələri şərait olarsa, bu kimi vasitələrə əl ata bilərlər. Bu, həmin ölkələrin Türkmənistana nə dərəcədə təsir edə bilmələri üçün mövcud olan imkandan asılı olacaq. Əgər bunun üçün zəmin olarsa, o zaman Türkmənistanda hicabın yayılması üçün fəaliyyətlər müxtəlif formalarda özünü göstərəcək. Bütün bunlar yumuşağ güc siyasətinin bir tərkib hissəsidir. Ancaq hesab edirəm ki, Türkmənistan qapalı və neytral ölkə olduğu üçün buna imkan verməz. Ən azından ona görə ki, Türkmənistan bir sıra ölkələrlə, o cümlədən, Türkiyə ilə əməkdaşlıq etsə də, bəzi həssas xarakterli məsələlərdə məsafəli siyasət yeridir. Bu baxımdan Türkmənistanda vəziyyət fərqlidir”.
Vidadi ORDAHALLI