Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, ölkədə Konstitusiya dəyişikliklərinin referenduma çıxarılması üçün tələb olunan parlament səs çoxluğu azaldılacaq. Yeni Konstitusiyanın qəbul edilib-edilməməsi barədə son qərarı xalq referendum yolu ilə verməlidir. Nazir yeni Konstitusiya layihəsinin noyabrda dərc olunacağını və ictimai müzakirələrdən sonra referenduma çıxarıla biləcəyini deyib.
Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür. Rəsmi Bakı hesab edir ki, mövcud Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yaradan müddəalar aradan qaldırılmalıdır. Ermənistan hakimiyyəti isə yeni konstitusiyanın hazırlanmasını ölkənin daxili siyasi prosesi kimi təqdim edir.
Ermənistanda konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi və bunun üçün tələb olunan parlament səs çoxluğunun azaldılması Paşinyan hakimiyyətinə Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü Konstitusiya dəyişikliyi tələbini yerinə yetirmək imkanı verə bilərmi? Bu mexanizm siyasi maneələri aradan qaldıraraq sülh prosesini sürətləndirə bilərmi?
Abutalıb Səmədov: "Paşinyan müxalifətdən 6 deputatın dəstəyini ala bilər"
Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə müsahibəsində Ermənistanın yeni konstitusiya qəbul etmək planları, müxalifətin müqaviməti və bunun Azərbaycanla sülh prosesinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.
Politoloqun sözlərinə görə, Ermənistanda yeni konstitusiyanın qəbulu və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində ciddi siyasi mübarizə başlayıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası son parlament seçkilərində 64 mandat qazanıb. Lakin bu nəticə konstitusiya dəyişikliklərinin referenduma çıxarılması üçün kifayət etmir. Bunun üçün 105 deputatdan ən azı 70-nin səsi tələb olunur. Deməli, Paşinyan müxalifət düşərgəsindən əlavə 6 deputatın dəstəyini qazanmalıdır.
Abutalıb Səmədov hesab edir ki, Paşinyan yaranmış vəziyyətdən çıxmaq üçün müxalifət deputatlarının bir hissəsini öz mövqeyinə yaxınlaşdırmağa çalışacaq. Əks halda, yeni konstitusiya layihəsinin referenduma çıxarılması mümkün olmayacaq. Noyabr ayında dərc olunması və ictimai müzakirələrə təqdim edilməsi nəzərdə tutulan layihənin əsas müddəalarından biri Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Aktına edilən istinadın çıxarılmasıdır. Çünki həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar olan müddəalar mövcuddur.
Politoloqun fikrincə, Paşinyan açıq şəkildə bildirir ki, Ermənistan yeni konstitusiyanı Azərbaycanın təzyiqi ilə qəbul etmir. Ancaq sülh sazişinin imzalanması üçün qonşu dövlətə qarşı ərazi iddialarını ehtiva edən konstitusion müddəalardan imtina edilməlidir.
A.Səmədovun qənaətinə görə, müxalifət yeni konstitusiyanın qəbuluna mane olmaq üçün ciddi müqavimət göstərir. Bu qüvvələrin bir hissəsi Rusiyanın təsiri altında fəaliyyət göstərir və onların əsas məqsədi Ermənistanın inkişafına, müstəqil siyasət yürütməsinə deyil, Moskvanın maraqlarına xidmət etməkdir. Belə şəraitdə Paşinyanın qarşısında iki mümkün yol var: ya müxalifət deputatlarının bir hissəsinin dəstəyini qazanmaq, ya da referendumun keçirilməsi üçün tələb olunan səs çoxluğunun dəyişdirilməsinə nail olmaq.
Politoloq ikinci variantı da istisna etmir. Onun fikrincə, müxalifət deputatları ölkədə siyasi böhranın dərinləşməməsi naminə referendumun keçirilməsi üçün tələb olunan səs həddinin aşağı salınmasına razılıq verə bilərlər. Lakin onların bu güzəştə gedəcəkləri hələlik məlum deyil.
A.Səmədov bildirir ki, müxalifət geri çəkilməsə, Paşinyan kifayət qədər çətin vəziyyətə düşəcək. Çünki Azərbaycanın mövqeyi qətidir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə sülh sazişinin imzalanması mümkün deyil. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, qonşusuna qarşı ərazi iddialarından hüquqi və siyasi səviyyədə imtina etməlidir. Bu, təkcə hakimiyyətin qərarı deyil, həm də Ermənistan cəmiyyətinin seçimi olmalıdır.
Politoloqun fikrincə, əks halda, gələcəkdə hakimiyyət dəyişikliyi nəticəsində revanşist qüvvələrin yenidən iqtidara gəlməsi regionda gərginliyin təkrarlanmasına səbəb ola bilər. Bu baxımdan, konstitusiya dəyişikliyi yalnız hazırkı sülh prosesinin deyil, gələcək regional təhlükəsizliyin də mühüm şərtlərindən biridir.
A.Səmədov hesab edir ki, müxalifətin müqaviməti davam edərsə, Paşinyanın qarşısında növbədənkənar parlament seçkilərinə getmək variantı qala bilər. Baş nazir bu halda cəmiyyətə müraciət edərək, ölkədə konstitusiya böhranının yarandığını bəyan edə və yeni konstitusiyanın qəbulu üçün seçicilərdən əlavə mandat istəyə bilər.
Politoloqun sözlərinə görə, Ermənistan əhalisinin əksəriyyəti müharibə deyil, sülh və iqtisadi inkişaf tərəfdarıdırsa, Paşinyana əlavə mandatlar qazandırmaqla onun konstitusiya dəyişikliklərini həyata keçirməsinə şərait yarada bilər. Ancaq seçkilərin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Əgər cəmiyyətin mühüm bir hissəsi revanşist mövqedədirsə, Paşinyanın əlavə mandatlar qazanması çətinləşəcək. Beləliklə, seçkilər Ermənistan cəmiyyətinin sülhə münasibətini də üzə çıxara bilər.
A.Səmədov qeyd edir ki, növbədənkənar seçkilərdə Paşinyan tələb olunan 70 mandatı təmin edə bilər, lakin hazırkı 64 mandatının bir hissəsini itirməsi də mümkündür. Hər şey Ermənistan seçicilərinin əhval-ruhiyyəsindən və hökumətin həyata keçirdiyi siyasətə münasibətindən asılı olacaq. Bu səbəbdən növbədənkənar seçkilər həm hakimiyyət, həm də müxalifət üçün ciddi siyasi risk daşıyır.
Politoloq müxalifət düşərgəsində də vahid mövqenin olmadığını düşünür. Onun qənaətinə görə, deputatlar arasında tərəddüd edənlər var və onların bir qismi hakimiyyətlə razılaşmaya gedərək yeni konstitusiyanın referenduma çıxarılmasına dəstək verə bilər. Çünki növbədənkənar seçkilərdə yenidən mandat qazana bilməmək ehtimalı da müxalifət təmsilçilərini kompromisə sövq edə bilər.
A.Səmədovun fikrincə, hazırda Ermənistan siyasətində ciddi psixoloji və siyasi mübarizə gedir. Əsas məsələ Paşinyanın müxalifətdən tələb olunan 6 səsi ala bilməsi, yeni konstitusiyanın referenduma çıxarılması və ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanması üçün əsas maneələrdən birinin aradan qaldırılmasıdır.
Politoloq hesab edir ki, bu prosesin necə nəticələnəcəyini yaxın aylarda Ermənistanda baş verəcək siyasi hadisələr müəyyən edəcək.
Akif NƏSİRLİ