İsraildə müxalifət Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti hakimiyyətdən uzaqlaşdırmaq üçün yeni siyasi plan irəli sürüb. Müxalifət liderləri Naftali Bennett və Yair Qolan növbəti hökumətin baş naziri vəzifəsinə Gadi Ayzenkotun namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Məqsəd parlamentdə (Knessetdə) çoxluğa malik olmadan da Netanyahunun iştirakı olmadan yeni hökumət formalaşdırmaq imkanlarını araşdırmaqdır. Bu addım İsraildə hakimiyyət uğrunda mübarizədə müxalifətin vahid namizəd ətrafında birləşməsi istiqamətində mühüm dönüş kimi qiymətləndirilir.
İsrail müxalifətinin Gadi Ayzenkotun namizədliyi ətrafında birləşməsi Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmağa imkan verə bilərmi? Parlament çoxluğu olmadan belə bir hakimiyyət dəyişikliyi nə dərəcədə realdır?
Xaqani Cəfərli: "Azlıq hökumətinin İsrailin qarşısında dayanan ciddi problemlərin öhdəsindən gələcəyi şübhəlidir"
Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, parlamentli respublikalarda azlıq hökumətlərinin yaradılması nadir hallarda rast gəlinən siyasi təcrübə deyil. Onun sözlərinə görə, siyasi partiya və ya koalisiya parlamentdəki yerlərin 50 faizindən çoxuna sahib olmadığı halda belə, digər müxalifət partiyalarının və ya müstəqil deputatların kənardan dəstəyi ilə hökumət formalaşdıra bilər.
Politoloq qeyd edib ki, bu cür hökumətlər, bir qayda olaraq, kövrək siyasi dayaqlara malik olur. Çünki qanunların qəbulu və ciddi islahatların həyata keçirilməsi üçün digər siyasi qüvvələrin dəstəyinə ehtiyac yaranır.
Xaqani Cəfərlinin fikrincə, İsrail müxalifətinin Benyamin Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq üçün azlıq hökuməti formalaşdırması arzuolunan variant hesab edilə bilməz. Çünki İsrailin qarşısında çox mühüm problemlər dayanır və onların həlli cəsarətli siyasi qərarlar tələb edir. Belə bir şəraitdə azlıq hökumətinin bu vəzifələrin öhdəsindən gələcəyi şübhəlidir.
Politoloq hesab edir ki, İsrailin üzləşdiyi problemləri yalnız Benyamin Netanyahunun siyasətinin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu problemlər həm də regionun coğrafi xüsusiyyətlərindən, tarixi keçmişindən və sosial-siyasi reallıqlarından qaynaqlanır. Buna görə də, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkədəki mövcud vəziyyətin qısa müddətdə və köklü şəkildə dəyişəcəyini gözləmək real deyil.
Dəniz NƏSİRLİ