44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Xüsusilə, genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri amerikalı hərbi ekspert Con Spenser Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” ("The War for Karabakh Strategy, Technology, and Victory") kitabının təqdimat mərasimində deyib.
Kitabın həmmüəllifi olan Con Spenser bildirib ki, Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarını davam etdirərkən, bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda, alternativ planlara keçib.
"Bu baxımdan, düşməni yanlış istiqamətdə əsas hücumun həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı xüsusi diqqət çəkir. Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının nə qədər genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyatın nəticəsi düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub", - deyə o əlavə edib.