Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək.
"Bəli, bu tarixi təsdiqləyə bilərəm. Həqiqətən də, Rusiya nümayəndə heyəti 10-11 noyabr tarixlərində Əbu-Dabiyə gedəcək və üçtərəfli danışıqlarda iştirak edəcək", - deyə o, jurnalistlərə bildirib.
Kreml nümayəndəsi Putinin Əbu-Dabiyə yola düşməzdən əvvəl Rusiya nümayəndə heyətinin üzvləri ilə görüşməyi planlaşdırıb-planlaşdırmadığına da aydınlıq gətirib: "Hələlik sizə deyə bilmərəm, dəqiq planlar yoxdur, amma ümumilikdə Rusiya nümayəndə heyətinin demək olar ki, bütün üzvləri cari məsələlərlə bağlı prezidentə müntəzəm olaraq hesabat verir və dövlət başçısından müvafiq təlimatlar alırlar".
Bundan əvvəl ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.
"Birləşmiş Ştatlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi səviyyəli danışıqlarda vasitəçilik edəcək və Prezident Trampın müharibəyə son qoymaq missiyasını irəli aparacaq" . deyə o, sosial mediada yazıb.
Uitkoffun sözlərinə görə, müzakirələr "müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması, humanitar səylər və sülhə doğru növbəti addımlar" mövzusuna yönələcək.
Tahir TAĞIYEV