Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması və ya təşkilatda müşahidəçi statusu alması ilə bağlı təklifi beynəlxalq siyasi gündəmdə maraqlı müzakirələrə yol açıb. Oktyabrın 30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə görüşündə səsləndirilən bu təşəbbüsü Tokayev Rusiyanın türk dünyası ilə tarixi əlaqələri və ölkə ərazisində çoxsaylı türk xalqlarının yaşaması ilə əsaslandırıb.
Bu təklif ilk baxışdan mədəni və tarixi yaxınlaşma təşəbbüsü kimi görünsə də, onun arxasında daha geniş geosiyasi və iqtisadi maraqların dayandığı ehtimal olunur. Rusiyanın TDT-də iştirakı təşkilatın mahiyyətinə, türk dövlətləri arasındakı münasibətlərə və Türkiyə ilə Azərbaycanın regional siyasətinə necə təsir edə bilər? Moskva bu təşəbbüs vasitəsilə türk dünyasında öz təsir imkanlarını genişləndirməyə çalışırmı? Digər tərəfdən, Rusiya kimi böyük geosiyasi gücün təşkilata daxil olması türk dövlətlərinin müstəqil əməkdaşlıq platformasına hansı riskləri gətirə bilər?
Fazil Mustafa: "Türk dövlətləri Rusiyanın siyasətinin yükünü öz üzərinə götürməməlidir"
Millət vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, bu barədə indidən konkret fikir söyləmək bir qədər doğru olmazdı. Çünki söhbət türk dövlətləri başçılarının müzakirə edib qərar verməli olduqları strateji məsələdən gedir.
Onun sözlərinə görə, məsələnin müsbət tərəflərindən biri Rusiyanın tərkibində çoxsaylı türk respublikalarının və xalqlarının yaşamasıdır. Bu amil həmin xalqların türk dünyası ilə inteqrasiya prosesindən kənarda qalmaması baxımından müəyyən imkanlar yaradır. Tokayevin də məsələni gündəmə gətirərkən bu məqamı nəzərə aldığını düşünmək olar.
Deputat qeyd edib ki, türk inteqrasiyasının genişlənməsi yalnız müstəqil türk dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə məhdudlaşmamalıdır. Türk xalqları arasında tarixi, mədəni və mənəvi əlaqələrin inkişafı da bu prosesin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Rusiyada yaşayan türk xalqlarının inteqrasiya prosesinə müəyyən formada cəlb olunması ideyasının məntiqi əsasları var.
Lakin Fazil Mustafanın fikrincə, məsələnin digər tərəfi də ciddi nəzərə alınmalıdır. Belə ki, Rusiyanın öz geosiyasi maraqlarından irəli gələn siyasətinin və problemlərinin türk dövlətlərinin üzərinə yönəlməsi ehtimalı var. Bu isə türk dünyasının inteqrasiya prosesini mürəkkəbləşdirə, təşkilatın qarşısında əlavə siyasi və diplomatik çətinliklər yarada bilər.
Deputat hesab edir ki, türk dövlətləri belə bir qərar qəbul edərkən həm inteqrasiyanın genişlənməsindən əldə ediləcək faydaları, həm də mümkün geosiyasi riskləri ölçüb-biçməlidir. Çünki əsas məqsəd türk dünyasının birliyini gücləndirmək olmalı, bu proses başqa dövlətlərin siyasi maraqlarının təsiri altına düşməməlidir.
Fazil Mustafa vurğulayıb ki, bütün hallarda yekun qərarı türk dövlətlərinin rəhbərləri özləri verməlidir. Əsas məsələ təklif olunan yanaşmanın türk dünyasının inteqrasiyasına nə dərəcədə xidmət edəcəyini və gələcəkdə hansı nəticələr doğuracağını düzgün qiymətləndirməkdir.
Akif NƏSİRLİ