Akif Nağı: “...Həm də Ermənistanın xarici siyasətində ciddi siyasi nəticələr doğura bilər”
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş hərbi prokuror Qaqik Cangiryanın 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə edilən terror hücumu ilə bağlı açıqlamasının araşdırılmasını əmr edib. Armenpress-in məlumatına görə, Paşinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə açıqlayıb. “Qaqik Cangiryanın bu yaxınlarda açıqlamalar verdiyini gördüm və həmkarlarımıza, xüsusən də göstəriş vermək səlahiyyətim olan şəxslərə bu açıqlamalarda qeyd olunan faktları öyrənməyi və vəziyyəti hərtərəfli araşdırmağı tapşırmışam”, - deyə Paşinyan bildirib. Siyasi sui-qəsdlərə gəldikdə isə, Baş nazir Artsrun Marqaryan və Vahram Xorkhoruninin qətllərinin açıldığını və proses davam etdiyini qeyd edib. 27 oktyabr 2026-cı ildə keçmiş Ermənistan hərbi prokuroru Qaqik Cangiryan bildirib ki, 27 oktyabr işində rəsmi olaraq məhkum edilmiş Nairi Unanyan apelyasiya şikayəti verməsə də, o, Cangiryanın apelyasiya şikayətinin əslində verildiyinə, lakin onun MTX əməkdaşının masa çəkməcəsində saxlanıldığına əmindir.
Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə daxil olan silahlı qrup spiker Karen Demirçyanı, baş nazir Vazgen Sarkisyanı və digər dövlət rəsmilərini güllələyərək qətlə yetirib. Paşinyan hakimiyyəti bu işin pərdəarxası məqamlarını və xüsusi xidmət orqanlarının terror planından əvvəlcədən xəbərdar olub-olmaması ehtimallarını bu yeni bəyanat işığında yenidən diqqət mərkəzinə gətirir.
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, hazırkı vəziyyətdə bu məsələnin araşdırılmasında N.Paşinyanın xüsusi marağı var.
A.Nağı qeyd etdiyinə görə, Azərbaycanla Ermənistan arasında müəyyən razılaşma əlamətlərinin müşahidə olunduğu, sülh prosesində irəliləyiş üçün imkanların yarandığı bir mərhələdə 1999-cu ildə Ermənistanda baş vermiş parlament hadisəsi yenidən gündəmə gəlir. “1999-cu ildə də Azərbaycanla Ermənistan arasında müəyyən razılaşma əlamətləri görsənirdi, normallaşma təşəbbüsləri hiss olunurdu, bəzi məsələlər vardı. Bu proses ABŞ tərəfin təşəbbüsü ilə idi. Ərazi mübadiləsi məsələsi də müzakirə predmetinə çevrilmiş, amerikalı vasitəçilər İrəvanda və Bakıda təmaslar keçirmiş, tərəflər müəyyən məsələləri müzakirə etməyə hazır olduqlarını bildirmişdilər.
Belə bir siyasi şəraitdə baş vermiş parlament terroru, təbii ki, regionda gedən proseslərə ciddi təsir göstərdi. İndi həmin hadisənin yenidən araşdırılması və onun arxasında dayanan qüvvələrin müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir.
Mənim fikrimcə, əgər araşdırmalar nəticəsində konkret sübutlar ortaya qoyularsa, hadisənin icraçıları ilə yanaşı, onun təşkilatçıları və sifarişçiləri də məsuliyyətə cəlb edilməlidir”.
A.Nağı qeyd etdiyinə görə, lakin burada mühüm məqam ondan ibarətdir ki, belə miqyaslı hadisənin yalnız bir şəxsin təşəbbüsü ilə həyata keçirilməsi inandırıcı görünmür. “İcraçı müəyyən sifarişi yerinə yetirən şəxs ola bilərdi. Həmin dövrdə bu terror aktının Rusiya tərəfindən təşkil edilməsi və ya sifariş olunması ilə bağlı müxtəlif ehtimallar da səsləndirilirdi.
Məsələ burasındadır ki, Rusiyanın Cənubi Qafqazda Amerika vasitəçiliyi ilə yeni siyasi reallığın formalaşmasında maraqlı olmadığı barədə ciddi mülahizələr mövcuddur. Həmin hadisədən sonra regionda proseslərin yenidən Rusiyanın təsir dairəsinə qayıtması da bu ehtimalların müzakirəsini aktuallaşdırır. Əlbəttə, bunlar hələlik araşdırılmalı və sübutlarla təsdiqlənməli olan iddialardır.
Bu baxımdan, indi aparılan araşdırmalar zamanı əvvəllər diqqətdən kənarda qalmış məqamların, o cümlədən keçmiş prokurorluq strukturlarının fəaliyyəti ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsi vacibdir. Əgər hadisənin arxasında xarici sifarişin dayandığını təsdiqləyən faktlar üzə çıxarsa, bu, təkcə tarixi cinayətin açılması deyil, həm də Ermənistanın xarici siyasətində ciddi siyasi nəticələr doğura bilər. Xüsusilə də sifarişin Rusiya tərəfindən verildiyi sübuta yetirilərsə, Moskva dövlət terrorizmi ilə bağlı son dərəcə ağır ittihamlarla üzləşə bilər. Bu isə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı mövqeyini daha da gücləndirə bilər.
Digər tərəfdən, hesab edirəm ki, Paşinyanın bu araşdırmaların aparılmasında özünün ciddi siyasi maraqları da var. O, Ermənistanı Qərbə inteqrasiya istiqamətində aparmağa çalışır və bu prosesdə Rusiyanın ölkə daxilindəki təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Belə bir şəraitdə keçmişdə baş vermiş hadisələrin bütün təfərrüatları ilə açılması onun siyasi strategiyasına xidmət edə bilər.
Burada bir neçə istiqamət üzrə siyasi maraqları görmək mümkündür.
Birincisi, Paşinyan Rusiya ilə münasibətlərdə öz mövqeyini möhkəmləndirməyə və Moskvanın Ermənistanın daxili siyasətinə təsir imkanlarını zəiflətməyə çalışır.
İkincisi, ölkə daxilində ona qarşı çıxan, o cümlədən Türkiyə ilə yaxın münasibətləri müdafiə edən müxalif siyasi qüvvələrin mövqelərini zəiflətmək və onların sosial bazasını daraltmaq niyyətində ola bilər.
Üçüncüsü, Ermənistan Qriqoryan Kilsəsi ilə hakimiyyət arasında davam edən qarşıdurma fonunda kilsənin də həmin hadisələrlə mümkün əlaqələrinin araşdırılması Paşinyanın siyasi maraqlarına uyğun nəticələr verə bilər. Əgər bu istiqamətdə hər hansı faktlar ortaya çıxarsa, hakimiyyət kilsəyə qarşı apardığı mübarizəni daha geniş siyasi və hüquqi əsaslarla təqdim etməyə çalışacaq.
Beləliklə, göründüyü kimi, Paşinyan bu araşdırmalar vasitəsilə bir neçə istiqamətdə rəqiblərinin mövqelərini zəiflətməyə, onları siyasi proseslərdən kənarlaşdırmağa və eyni zamanda öz hakimiyyətinin dayaqlarını möhkəmləndirməyə çalışa bilər. Bu, onun daxili və xarici siyasət strategiyasının mühüm tərkib hissəsinə çevrilə bilər.
Bununla yanaşı, məsələyə yalnız Paşinyanın siyasi maraqları prizmasından yanaşmaq da doğru olmazdı. Burada həqiqətin üzə çıxarılmasını istəyən insanların, xüsusilə həmin terror hadisəsində həyatını itirənlərin ailə üzvlərinin və yaxınlarının haqlı tələbləri var. Onlar uzun illərdir bu ağır cinayətin səbəblərinin, köklərinin, icraçılarının və sifarişçilərinin müəyyənləşdirilməsini gözləyirlər. Təbii ki, onların əsas istəyi siyasi dividentlər deyil, yaxınlarının ölümünə səbəb olmuş cinayətin tam şəkildə açılması və günahkarların layiqli cəzalarını almasıdır.
Nəticə etibarilə, bu araşdırmaların hansı siyasi məqsədlərə xidmət etməsindən asılı olmayaraq, ən vacib məsələ həqiqətin ortaya çıxmasıdır. Əgər cinayətin bütün iştirakçıları və arxasında dayanan qüvvələr müəyyənləşdirilərsə, bu, Ermənistanın siyasi həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Paşinyan da, şübhəsiz ki, belə bir nəticədən öz siyasi mövqeyini gücləndirmək üçün istifadə etməyə çalışacaq”-deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA