Meksikanın Matamoros şəhərində Körfəz Karteli ilə əlaqəli narkotik qaçaqmalçısının həbsi yolların bağlanmasına, atışmalara və nəqliyyat vasitələrinin yandırılmasına səbəb olub. Hakimiyyət orqanları və yerli media xəbər verir ki, hadisələr zamanı gənc qız ölüb.
"Milli Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının, Meksika Ordusunun və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələrinin işi nəticəsində Tamaulipas ştatının Matamoros şəhərində iki nəfər, o cümlədən "Siklones" cinayətkar dəstəsinin ikinci ən vacib üzvü hesab edilən Aksel Alfredo "N" saxlanılıb", - deyə Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsiya bildirib.
Onun sözlərinə görə, Akselin qətllər, adam oğurluğu, şantaj və ABŞ-a narkotik, silah və insanların qanunsuz daşınmasında əli var. Onun 17 mayda İctimai Təhlükəsizlik Xidməti əməkdaşlarına qarşı törədilən və bir nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olan hücuma görə məsuliyyət daşıdığı güman edilir. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri silah, maqazin, sursat, narkotik və nəqliyyat vasitəsini müsadirə edib. Hər iki saxlanılan şəxs Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Mexiko şəhərinə aparılıb.
Həbsdən sonra Matamoros və Rio Bravoda iğtişaşlar başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, küçə və yolları bağlayan cinayətkarlar yük maşınlarından və avtobuslardan istifadə edir. Günortadan sonra şəhərdə dərslər dayandırılıb və sakinlərə iğtişaşların baş verdiyi ərazilərdən uzaq durmaq tövsiyə edilib.
"El Financiero" qəzetinin Tamaulipas ştatının baş prokuroru Xesus Eduardo Qovea Orozkoya istinadən verdiyi məlumata görə, Las Rusias bölgəsində yeddi yaşlı qız ölüb, anası isə güllə yarası alıb. İlkin məlumatlara görə, uşağa atışma zamanı təsadüfən güllə dəyib. Ölümün səbəbləri və atəşin mənbəyi araşdırılır.
Matamorosdakı ABŞ Konsulluğu hadisələrə görə təhlükəsizlik xəbərdarlığı edib və işçilərə sığınacaqlar getmək tapşırığı verilib.
Tahir TAĞIYEV