Ermənistan KTMT-dən çıxarılmalıdır, çünki respublika faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etmir, lakin onun qərarlarına təsir etmək hüququnu saxlayır. Bu fikri KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja bildirib.
Onun sözlərinə görə, dondurulmuş iştiraka baxmayaraq, Ermənistan, formal da olsa, təşkilatın tamhüquqlu üzvü olaraq qalır və bütün qərarlar konsensus yolu ilə qəbul edilir. Buna görə də, Bordyujanın fikrincə, bu, artıq KTMT-nin fəaliyyətinə ziddir, baxmayaraq ki, İrəvanın mövqeyi hələ də nəzərə alınmalıdır: "Mən onları xaric edərdim. Onlar üzvlük haqlarını ödəmir və iştirak etmirlər. Ciddi desəm, əgər ciddi tərəfdaşlardırsa, sadəcə qalxıb getməlidirlər. Amma bizim getməməyimizə, işləməməyimizə, iştirak etməməyimizə və iştirak etmək istəməməyimizə dair ikili fikirdə olduqları üçün xaric edilməlidirlər". Daha əvvəl KTMT-nin baş katibi vəzifəsini icra edən Talatbek Masadıkov bildirib ki, Ermənistanın qovulması məsələsi təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının 11 noyabrda Moskvada keçiriləcək iclasında qaldırıla bilər. O, İrəvanın KTMT Nizamnaməsinin 20 və 25-ci maddələrini pozduğunu qiymətləndirib. Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-dəki üzvlüyünü və üzvlük haqqını ödəməyi dayandıracağını elan etmişdi. Lakin təşkilatın nizamnaməsində üzvlüyün dondurulması mexanizmi nəzərdə tutulmayıb. Formal olaraq respublika Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır.
Ermənistanın KTMT-dən mümkün tam çıxışı ilk növbədə ölkənin təhlükəsizlik siyasətində ciddi dəyişikliklərə səbəb olacaq. İrəvan təşkilatın kollektiv müdafiə mexanizmlərindən kənarda qalmaqla öz müdafiə imkanlarını gücləndirməyə və yeni tərəfdaşlarla əməkdaşlığı artırmağa çalışır. Fransa, Hindistan və digər dövlətlərlə hərbi-texniki əlaqələrin inkişafı bu istiqamətdə atılan addımlar kimi qiymətləndirilə bilər. Lakin yeni tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi qısa müddətdə KTMT-nin təqdim edə biləcəyi təhlükəsizlik mexanizmlərini tam əvəz etməyəcək. Ermənistanın müdafiə qabiliyyətinin artırılması maliyyə, texnologiya, hərbi hazırlıq və uzunmüddətli planlaşdırma tələb edir. Buna görə də keçid dövründə müəyyən təhlükəsizlik risklərinin yaranması mümkündür. Digər tərəfdən, Ermənistanın təşkilatdan ayrılması Rusiya ilə münasibətlərdə əlavə gərginlik yaradacaq. Rusiya uzun müddət Ermənistanın əsas təhlükəsizlik tərəfdaşlarından biri olub və ölkədə hərbi mövcudluğa malikdir. İrəvanın Qərbə yaxınlaşması Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının azalmasına gətirib çıxaracaq. Bununla belə, iqtisadi, enerji və digər sahələrdə qarşılıqlı asılılıq səbəbindən iki ölkə arasında münasibətlərin dərhal kəskin şəkildə kəsilməsi qaçılmaz deyil.
Tahir TAĞIYEV