ABŞ ordusu İrana qarşı yeni bir əməliyyat ehtimalı fonunda regional hava hücumundan müdafiəni gücləndirmək məqsədilə "Patriot" zenit-raket komplekslərini Texasdan Yaxın Şərqə köçürür.
"The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, Pentaqon mümkün gərginləşməyə hazırlıq çərçivəsində Yaxın Şərqdəki həssas mövqelərdə yerləşən hərbi heyəti isə geri çəkir. Bundan əlavə, mənbələr bildirir ki, regiondakı ABŞ qüvvələri sursat ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələr isə mümkün zərbələr üçün hazırlıq vəziyyətinə gətirilib. Onlar qeyd ediblər ki, gələn ay Yaxın Şərqdə artıq mövcud olan təxminən 20 ABŞ hərbi gəmisinə əlavə olaraq, bir aviadaşıyıcı zərbə qrupu, eləcə də dəniz piyadaları ekspedisiya bölməsini daşıyan desant gəmiləri qoşulacaq. Qəzet məlumatlı mənbələrə istinadən yazır ki, Vaşinqton Fars körfəzi ölkələrinin bəzilərinə İrana qarşı qısa, lakin intensiv hərbi kampaniyaya hazırlaşdığını bildirib. Bu kampaniyanın noyabr ayında ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərindən sonra baş tutacağı gözlənilir. Mənbələrin verdiyi məlumata görə, mümkün hədəflər sırasına İranın enerji infrastrukturu, nüvə obyektləri, həmçinin raket sistemləri və pilotsuz uçuş aparatları daxildir.
SAMİRƏ