Özbəkistanın etirazı ilə əlaqədar İranın bir neçə diplomatik nümayəndəliyi Səmərqənd şəhəri və ABŞ dövlət katibi Marko Rubionun bura səfərinə dair "X" sosial şəbəkəsindəki paylaşımlarını silib. Həmin paylaşımların silinməsini Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) tələb edib. Özbəkistan XİN İranın Daşkənddəki səfiri Məhəmməd Əli İskəndərini nazirliyə çağırıb. Səfirə İran diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi-mədəni irsi ilə bağlı paylaşımlarına görə etiraz notası təqdim olunub. Özbəkistan XİN məsələ ilə bağlı bəyanat yayıb.
Bundan əvvəl İranın Ermənistan, Çin və Zimbabvedəki səfirlikləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı yanındakı nümayəndəliyi "X" platformasında mövzu ilə bağlı paylaşımlar ediblər. Özbəkistan XİN-in fikrincə, həmin paylaşımlarda Səmərqəndin tarixi irsi birtərəfli və siyasi məqsədlərlə şərh olunub. Diplomatik snümayəndəliklərin birinin paylaşımında yazılıb: "Sizin dayandığınız yer fars sivilizasiyasının və memarlığının bir hissəsidir". Həmin paylaşım Rubionun oktyabrın 19-da Özbəkistana səfəri zamanı çəkilmiş videoya bir reaksiya idi. ABŞ dövlət katibi Səmərqənddəki Registan meydanının fonunda bu şəhərin dünya ticarətindəki tarixi rolundan bəhs edib. Özbəkistan XİN vurğulayıb ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin irsi regionun çoxəsrlik tarixi-mədəni inkişafının ayrılmaz hissəsidir. Daşkənd mübahisə doğuran paylaşımların silinməsini və gələcəkdə analoji halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.
Özbəkistan tərəfi İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərini yüksək qiymətləndirdiyini bildirib: "Bununla yanaşı, ölkəmiz öz tarixi-mədəni irsinin birtərəfli qaydada şərh olunmasına qarşı prinsipial mövqeyini qoruyur". Maraqlı məqam budur ki, İranın diplomatik nümayəndəlikləri Səmərqəndin fars mədəniyyəti ilə əlaqəsini önə çəkərkən, Özbəkistan bunu öz tarixi irsinə siyasi müdaxilə kimi qəbul edib. Yəni mübahisə yalnız tarix haqqında deyil, həm də müasir dövlətlərin milli kimliyi və mədəni irs üzərindəki mövqeyi haqqındadır.
Tahir TAĞIYEV