Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etməməsi ölkənin ictimai-siyasi həyatında böyük rezonans doğurub. Maraqlıdır ki, həm iqtidar, həm də müxalifət düşərgəsində növbədənkənar parlament seçkilərinə tənqidi müstəvidə yanaşanların sayı kifayət qədərdir. Radikal müxalifət belə hesab edir ki, bu düşərgənin bir çox təmsilçilərinin həbsə atılması Paşinyan komandasının növbədənkənar parlament seçkilərində daha çox səs qazanmasına səbəb olacaq. Ən azından parlamentdə hakim komanda konsitiusion çoxluq əld edə biləcək. Hakim düşərgədə bəzi deputatlar isə belə hesab edirlər ki, növbədənkənar parlament seçkilərində mandatlarını itirə bilərlər. Bu səbəbdən həmin deputatlar da növbədənkənar parlament seçkilərinə qarşı çıxırlar. Məsələnin geosiyasi tərəfləri də var. Növbədənkənar seçkilər olacağı təqdirdə Ermənistanda maraqlı qüvvələrin, konkret halda Qərb və Rusiyanın prosesə müdaxilə etməsi gözlənilir. Amma görünən odur ki, Paşinyan bütün bunları gözə alıb.
Paşinyanın konstitusiyaya dəyişikliklər, müxalifəti bu təşəbbüsü dəstəkləməyə inandırmaq cəhdləri və mümkün növbədənkənar parlament seçkiləri barədə açıqlamaları ölkənin ictimai-siyasi həyatında böyük dalğalanma yaradıb. Həm bu seçkini dəstəkləyənlər var, həm də istər müxalifət, istərsə də iqtidar düşərgəsində buna qarşı çıxanların sayı olduqca çoxdur. Milyarder iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası da yeni seçkilər tələb edir. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyası isə Paşinyanın yeni seçkilər elanını şantaj adlandırır. Proseslərin dəqiq inkişaf axarı yeni konstitusiya layihəsinin parlamentə təqdim olunmasından sonra müəyyən ediləcək. Bu ilin sonuna kimi layihənin parlamentə təqdim edilməsi istisna olunmur. Yeni konstitusiya layihəsinin referenduma çıxarılması üçün hakim partiyaya ümumilikdə 70 deputat səsi lazımdır. “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 64 deputat mandatına malikdir. Qalan 6 səs müxalifət düşərgəsindən təmin olunsa, yeni konstitusiya layihəsini referenduma təqdim etmək mümkün olacaq. Nəticədə növbədənkənar parlament seçkilərinə də ehtiyac qalmayacaq. Amma hakim komandanın müxalifət deputatları hesabına qalan altı səsi cəlb etmə ehtimalı aşağıdır. O səbəbdən də gələn il ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna olunmur. Parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan bildirir: “Baş nazirin açıqlamasında məqsəd odur ki, müxalifət yeni konstitusiya layihəsinin lehinə səs verməsə, “Vətəndaş Müqaviləsi” Partiyası yeni seçkilərə gedəcək. Düşünürəm ki, onun açıqlaması daha çox şantaj, müxalifətə qarşı şantaj idi, amma mən açıq şəkildə bildirirəm ki, “Ermənistan” fraksiyası bu şantajlara təslim olmayacaq. Amma burada dürüst və səmimi olmalıyıq ki, bəli, son seçkidən sonrakı dövrdə müxalifət xeyli zəifləyib, ən azı bu mərhələdə əsas məqsədə çata bilməməyi və müxalifət liderlərinin həbsini nəzərə alsaq vəziyyət belədir. Bu, fakt kimi qeyd olunmalıdır. Amma müxalifət boş oturmamalıdır. Reallığı burada nə qədər fakt kimi qeyd etsəm də, növbədənkənar parlament seçkiləri kimi mümkün ssenarilərə hazır olmalıyıq”.
Bu ilin iyun ayında keçirilən son parlament seçkilərindən sonra müxalif düşərgə əhəmiyyətli dərəcədə zəifləyib. Sabiq prezident Robert Köçəryan və böyük oğlu həbsə atılıb. Müxalifətin əsas fiqurlarından hesab olunan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Haqik Çarukyan da dəmir barmaqlıqlar arxasındadır. “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan ev dustaqlığındadır. Sabiq prezident Serj Sarkisyan barəsində də cinayət təqibi davam edir. Bundan başqa, müxalif liderlərin bizneslərinin əllərindən alınması, maliyyə dayaqlarının sıradan çıxarılması istiqamətndə də hakmiyyət məqsədyönlü addımlar atır. Son parlament seçkilərində müxalifət daha çox maliyyə resursları hesabına qalib gəlmişdi və bunu Paşinyan da xüsusi qabardırdı. Amma maliyyə resurslarının sıradan çıxarılması halında yeni parlament seçkilərində müxalifətin daha az səs qazanacağı gözlənilir. Özü də bu dəfə parlamentə Paşinyana loyal olan müxalifətin daxil olma ehtimalı da yüksəkdir. Bu da Paşinyanı növbədənkənar parlament seçkilərinə sövq edən əsas amillərdən biridir. “Erməni Milli Konqresi” Partiyasının sədr müavini Levon Zurabyan qeyd edir: “Təqiblərə məruz qalmış və xeyli zəifləmiş müxalifətin yeni seçkilərdə Paşinyana ciddi müqavimət göstərə bilməyəcəyini düşünən baş nazir, müxalifətin daha pis nəticələr əldə etmək qorxusundan istifadə edərək, onu yeni konstitusiyanın qəbul edilməsi təklifinə razı salmağa çalışır. Paşinyan Azərbaycanla həll olunmamış münaqişədən Ermənistan vətəndaşlarını şantaj etmək, onları hədələyərək öz iradəsinə tabe etdirmək və avtoritar hakimiyyət qurmaq üçün istifadə edir. O, yeni seçkilərdə partiyasının daha çox mandat qazanacağını, həm də bu dəfə özünə loyal olan qüvvələri qanunverici orqana buraxmaq istəyir”.
Təbii ki, Ermənistan üçün indi həyati vacib məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanması, regional layihələrdə iştirakdır. Amma bunun üçün sülh müqaviləsinin imzalanması vacibdir ki, onun da əsas şərti Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin gələcəyi məhz Azərbaycanla sülhdən asılıdır və o səbəbdən barış üçün əsas maneə olan ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır. Ermənistanlı politoloq Suren Surenyants bunu belə izah edir: “Hazırkı parlament yarandığı gündən bəri çıxılmaz vəziyyətdədir. Parlamentdə yaranan siyasi qüvvələrdən heç biri, o cümlədən hakim partiya da daxil olmaqla, öz gündəliyini həyata keçirmək üçün lazımi sayda yer ala bilməyib. Bu, hakim komandaya Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirməyə imkan vermir. Baş nazir sülh müqaviləsi ilə bağlı məsələnin həlli üçün yeni seçkiləri bir fürsət kimi görür”. Ermənistanın “Hraparak” nəşri yazır ki, hakim komandada təsadüfən deputat olanlar mandatlatını itirə biləcəklərindən yeni parlament seçkilərinə qarşıdırlar. Amma Paşinyana qarşı da çıxa bilmirlər. Bundan başqa, yeni seçkilərə kənar müdaxilə ehtimalı da yüksəkdir. Bütün bunlar isə qarşıdakı dövrdə Ermənistanı yenə narahatlıqlarla dolu günlərin gözlədiyini göstərir.
Ramil QULİYEV