"Onlar xarici qüvvələrin sifarişi ilə ölkəmizi məhv etməyə çalışdılar. Ölkəyə külli miqdarda vəsait axdı və bu, indiyə qədərki ən çətin mübarizəyə çevrildi – onlar bizə milyardlarla avro ilə hücum etdilər, biz isə özümüzü dürüstlüyümüz, siyasi platformamız və vətən sevgimizlə müdafiə etdik".
Bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç Belqrad İdman Zalında keçirilən son seçkiqabağı mitinqdə səsləndirib.
Tərəfdarlarına "Bu kampaniyada sizinlə xüsusilə fəxr edirəm, çünki biz onların zorakılığına zorakılıqla cavab vermədik”- deyən Vuçiç bildirib ki, onlar qadınları yumruqla vuranda nə “üzr istəyirik”, nə də “peşmanıq” dedilər. “Bu insanlar harada tərbiyə olunublar? Qadınları ölüm həddinə çatana qədər döyməyi kimdən öyrəniblər? Serbiyanın gələcəyini və dəyişikliyi təmsil etdiklərini iddia edən həmin adamlardanmı? Xeyr! Biz ölkəmizdəki hər bir qadını qoruyacağıq və heç vaxt qadınlarımıza qarşı pis rəftara yol verməyəcəyik", –Vuçiç bildirib.
İlk baxışdan ziddiyyətli görünən bu mesaj "Birləşmiş Serbiya" koalisiyasının növbəti seçki qələbəsini təmin etmək üçün istifadə etdiyi strategiyanın əsas hissəsini təşkil edir: siyasi rəqibləri eyni anda həm əl uzadılmalı insanlar, həm də dövlətin özünü qorumalı olduğu bir təhlükə kimi təqdim etmək.
Əslində, zorakılığı pisləmək və qadınların müdafiəsini tələb etmək, mahiyyət etibarilə, siyasi mübahisə mövzusu olmamalıdır. Problem o zaman yaranır ki, konkret hadisələrə görə məsuliyyət əsl günahkarlar digər siyasi simalardan aydın şəkildə fərqləndirilmədən, bütöv bir siyasi hərəkatın və ya onun tərəfdarlarının üzərinə yüklənir. Belə bir yanaşma, ən azı Vuçiçin bəyan etdiyi ritorikada, parçalanmaları aradan qaldırmağı iddia etdiyi bir vaxtda, bu bölünmələri daha da dərinləşdirmək riski daşıyır. Üstəlik bununla, Vuçiç siyasi opponentlərini barışığa çağırdığı halda, öz tərəfdarlarına hökumət əleyhdarlarının dövləti devirməyə cəhd etdikləri barədəki iddiasını unutmamağı xatırladır.
Qeyd edək ki, oktyabrın 22-də Serbiyanın paytaxtı Belqradda korrupsiyaya qarşı mübarizə aparan tələbə hərəkatının parlament seçkiləri öncəsi keçirdiyi mitinqə təxminən 150 min, bəzi mənbələrin xəbərinə görə, hətta 200 min nəfər qatılıb. Paytaxtın Slavija meydanında baş tutan aksiyanın iştirakçıları oktyabrın 25-də keçiriləcək seçkilərdə Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyasının hakimiyyətinə son qoymağa çağırıblar.
Serbiyada bu gün özünün kulminasiya həddinə çatan etirazlar əslində 2024-cü ildə Novı Sad şəhərində dəmiryol vağzalında 16 nəfərin ölümünə səbəb olan dam örtüyü uçqunundan sonra başlayıb, daha sonra korrupsiya narazılıqları fonunda genişlənərək ölkəni bürüyüb.
SAMİRƏ