İraq İranla sərhəd keçidlərini müvəqqəti bağlayıb, uçuşları ləğv edib və yük daşımalarını dayandırıb. Bu addım Səudiyyə Ərəbistanının neft kəmərinə dron hücumundan sonra təhlükəsizlik risklərinin artması və ABŞ-ın təzyiqləri ilə əlaqələndirilir. Məlumata görə, Vaşinqton İraqdan İranla sərhədləri bağlamağı tələb edib və digər qonşu ölkələrdən də analoji tədbirlər görmələrini istəyir. Bu addımların İranın quru yolları ilə ticarətinə və regional əlaqələrinə ciddi təsir göstərə biləcəyi bildirilir.
ABŞ-ın İranla həmsərhəd ölkələrdən quru sərhədlərini bağlamağı tələb edə biləcəyi barədə məlumatlar fonunda, Vaşinqtonun Azərbaycandan da İranla sərhəd-keçid məntəqələrini bağlamağı tələb etməsi mümkündürmü? Belə bir tələb irəli sürülərsə, bu, Azərbaycanın İranla münasibətlərinə, regional təhlükəsizliyə və ölkəmizin müstəqil xarici siyasətinə necə təsir göstərə bilər?
Məhəmməd Əsədullazadə: “Azərbaycan xarici siyasətində milli maraqlarını, qonşularla münasibətlərini və regional sabitliyi nəzərə alır”
Politoloq Məhəmməd Əsədullazadə İranın təcrid edilməsi ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycandan İranla quru sərhədlərini bağlamağı tələb etməsi nəzəri baxımdan mümkündür. Vaşinqton İrana qarşı təzyiq siyasətini gücləndirmək məqsədilə region ölkələrindən tranzit, ticarət və logistika imkanlarını məhdudlaşdırmağı istəyə bilər. Lakin belə bir tələbin Azərbaycana da ünvanlanacağını indidən qəti söyləmək olmaz. Çünki Azərbaycanın coğrafi mövqeyi, İranla iqtisadi əlaqələri və regional təhlükəsizlik maraqları İraqdan fərqlənir.
Azərbaycanın İranla sərhəd-keçid məntəqələrini tam bağlaması ciddi siyasi və iqtisadi nəticələr doğura bilər. Bu addım Tehran tərəfindən Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilə, ikitərəfli münasibətlərdə gərginliyi artıra bilər. Eyni zamanda, sərhəd ticarətinə, yükdaşımalarına, tranzit marşrutlarına və İran üzərindən həyata keçirilən regional əlaqələrə mənfi təsir göstərə bilər. Belə bir qərar İranın Azərbaycana münasibətində sərt addımlara, sərhədyanı ərazilərdə təhlükəsizlik risklərinin artmasına və Cənubi Qafqazda geosiyasi rəqabətin dərinləşməsinə də səbəb ola bilər.
Bununla belə, Azərbaycanın belə bir tələb qarşısında avtomatik olaraq ABŞ-ın mövqeyinə uyğun hərəkət edəcəyini düşünmək düzgün olmaz. Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq maraqları mövcud olsa da, Azərbaycan xarici siyasətində milli maraqlarını, qonşularla münasibətlərini və regional sabitliyi nəzərə alır. İranla sərhədin tam bağlanması Azərbaycanın öz qərarı olmalı, belə bir addımın zəruriliyi konkret təhlükəsizlik faktları ilə əsaslandırılmalıdır.
Hazırda diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ-ın İranla həmsərhəd ölkələrdən oxşar tədbirlər görməyi istədiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar Azərbaycanın ünvanına rəsmi tələb irəli sürüldüyünü təsdiqləmir. Azərbaycan üçün daha məqsədəuyğun yanaşma, sərhədi tam bağlamaq əvəzinə, təhlükəsizlik nəzarətini gücləndirmək, qanunsuz yük və silah daşınmasının qarşısını almaq, sanksiyalardan yayınma risklərini qiymətləndirmək və zərurət yaranarsa, konkret keçidlər üzrə məhdudiyyətlər tətbiq etmək ola bilər. Bu, həm təhlükəsizlik maraqlarını qorumağa, həm də İranla münasibətlərin tamamilə pozulmasının qarşısını almağa imkan verər.
Ən vacibi, Azərbaycan öz ərazisinin hər hansı dövlətə qarşı hərbi və ya digər təhlükəli fəaliyyətlər üçün istifadə edilməsinə yol verməməli, eyni zamanda başqa ölkələrin geosiyasi qarşıdurmalarına cəlb olunmaqdan çəkinməlidir. İranla sərhədin tam bağlanması yalnız iqtisadi məsələ deyil, həm də Azərbaycanın xarici siyasətinin müstəqilliyi və regionda güc balansı baxımından strateji qərar olardı. Belə qərar isə emosional və ya kənar təzyiq əsasında deyil, Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlərin qiymətləndirilməsi əsasında verilə bilər.
Dəniz NƏSİRLİ