Məhkəmə Donald Trampa BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq (7,5 milyard funt-sterlinq) böhtan iddiası çərçivəsində ifadə vermək üçün məhkəməyə gəlmək əmri verib. Bundan əvvəl ABŞ prezidenti yanvar ayına qədər ifadə verməyə vaxtı olmadığını bildirmiş, səbəb kimi İranla müharibə və Yaxın Şərqdəki gərginlik kimi məsələlərlə məşğul olduğunu göstərmişdi. Hakim Enjolik A.Lett prezidentə dekabrın 11-dək dindirilmə üçün gəlməyi tapşırıb; bu o deməkdir ki, korporasiyaya qarşı aparılan hüquqi proses çərçivəsində o, and içərək sualları cavablandırmalı olacaq.
Əgər cənab Tramp bundan imtina edərsə, sanksiyalarla üzləşə bilər (bura iddiasının rədd edilməsi də daxil ola bilər). İstisna hal odur ki, tərəflərin məlumat mübadiləsi apardığı mərhələ ("discovery period") 18 dekabrdan sonraya qədər uzadılsın. BBC-nin vəkilləri cənab Trampı, əvvəlcə 16 oktyabra təyin edilmiş ifadə vermə prosesini ləğv etməkdə ittiham ediblər. İddiaya görə, o bunu Corciyada seçki kampaniyası tədbirində iştirak etmək və "Mar-a-Lago" kurortunda vəsait toplama tədbirinə qatılmaq üçün edib. BBC-ni təmsil edən Çarlz Tobin şikayət edib ki, korporasiyanın hüquq qrupu “hələ də iddiaçının ifadəsini ala bilməyib”, halbuki, sübutların toplanması mərhələsinin başa çatmasına cəmi iki ay qalıb. Xatırladaq ki, Donald Trampın BBC-yə qarşı məhkəmə iddiası qaldırmasına səbəb “The Telegraph” qəzetinin, BBC-nin “Panorama” verilişinin Trampın 6 yanvar 2021-ci ildə etdiyi çıxışı elə redaktə etdiyini xəbər verməsi olub ki, bu da onun Kapitoliyə hücuma təhrik etdiyi təəssüratını yaradıb.
SAMİRƏ