Azər Həsrət: “Azərbaycanla Türkiyə arasında viza məsələsinin gündəmdən çıxarılması daha məqsədəuyğun olardı”
Bəzi hərbi ekspertlər və şərhçilər Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi ilə bağlı fikir səsləndirlər. Bəziləri ölkəyə gələn şəxslərin daha dəqiq yoxlanılması, radikal və ya qeyri-qanuni qrupların (məsələn, müxtəlif dini cərəyanlar) sızmasının qarşısını almaq üçün elektron və ya klassik viza modelinin müzakirə oluna biləcəyini iddia ediblər.
Bildirək ki, Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq 90 günədək müddətə vizasız səyahət edə bilirlər.
Qeyd edək ki, viza rejimi ilə bağlı bu fikirlər rəsmi mövqeyi əks etdirmir.
Təbii, AKP iqtidarının bu yaramaz siyasəti, Azərbaycana qarşı düşmənçiliyi, özlərini neo-Osmanlı mövqeyində aparması, bu öz yerində, bu keçib gedəcək. Bu müvəqqəti bir haldır. Türkiyə hökumətində heç elə həmişə AKP olmayacaq ki, sözsüz, yeni hökumətlər də olacaq. Burada 86 milyonluq türk xalqından söhbət gedir, biz qardaşıq, azərbaycanlıların orada böyük fəaliyyəti, işi, gücü var, həmçinin də Türkiyə vətəndaşlarının burada biznesi, işi var.
Siyasi ekspert Azər Həsrət baki-xeber.com-a bildirdi ki, bu cür təklifin verilməsi düzgün deyil: “Azərbaycanla Türkiyə arasında viza məsələsinin gündəmə gətirilməsini şəxsən mən düzgün hesab etmirəm. Əksinə, belə bir məsələnin müzakirəyə çıxarılmasını təqdir etmirəm. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyə.
Qeyd etdiyiniz kimi, iqtidarlar gəldi-gedərdir. Kiminsə Ərdoğanı bəyənməməsi, onun rəhbərlik etdiyi hakimiyyətə qarşı tənqidi mövqedə dayanması mümkündür. Eyni zamanda, Türkiyədə oturub Azərbaycana qarşı əsassız iddialar səsləndirən, ölkəmizin ünvanına xoşagəlməz ifadələr işlədən şəxslərə münasibətimiz də mənfi ola bilər. Lakin ayrı-ayrı siyasətçilərə və ya siyasi qüvvələrə münasibətimizi dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərlə qarışdırmamalıyıq”.
A.Həsrətin sözlərinə görə, unutmamalıyıq ki, Türkiyə türk dövlətidir və TDT-nin qurucu üzvlərindən biridir. A.Həsrət qeyd etdi ki, Azərbaycanla Türkiyə isə tarix boyu bir-biri ilə sıx bağlı olub. “Bəli, müxtəlif dövrlərdə fərqli imperiyalarımız və dövlətlərimiz mövcud olub. Bəzən müttəfiq olmuş, bəzən də qarşı-qarşıya gəlmişik. Tarixdə müharibələr də yaşanıb, siyasi qarşıdurmalar da baş verib. Lakin bu gün biz həmin hadisələrə ilişib qalmalı, keçmişdə baş verənləri indiki münasibətlərimizə maneəyə çevirməliyikmi? Əlbəttə, yox!
Elə isə bu gün ayrı-ayrı siyasi qüvvələr arasında yaranan fikir ayrılıqlarını Azərbaycan-Türkiyə münasibətlərinə daşımamalıyıq. Mən hesab edirəm ki, iki qardaş ölkə arasında viza rejiminin tətbiqi həm siyasi, həm də mənəvi baxımdan yanlış addım olardı.
Təbii ki, bu məsələni gündəmə gətirənlərin öz arqumentləri ola bilər. Məsələn, Türkiyədə suriyalı qaçqınların olması, müxtəlif kriminal elementlərin fəaliyyət göstərməsi və təhlükəsizliklə bağlı narahatlıqlar əsas gətirilə bilər. Ancaq bu problemlər yalnız Türkiyəyə aid deyil. Azərbaycanda da cinayət törədən, qanundan yayınmağa çalışan şəxslər var və onların bəziləri başqa ölkələrdə gizlənməyə cəhd göstərə bilərlər. Bu, qarşılıqlı xarakter daşıyan problemdir.
Belə olan halda, ayrı-ayrı şəxslərin törətdiyi əməllərə görə hər iki ölkənin bütün vətəndaşlarına viza tətbiq etmək nə dərəcədə məntiqlidir? Cinayətkarlıqla mübarizə aparmaq üçün bütöv xalqların qarşısına inzibati maneələr qoymaq əvəzinə, təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığı gücləndirmək daha doğru olmazmı?
Digər tərəfdən, Azərbaycan və Türkiyə vətəndaşları hazırda qarşılıqlı səfərlərini şəxsiyyət vəsiqəsi ilə həyata keçirirlər. Müasir texnologiyalar, o cümlədən elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələri şəxsin kimliyinin müəyyənləşdirilməsi və sərhəd nəzarətinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Şübhəli şəxslərin müəyyənləşdirilməsi, məlumatların yoxlanılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də müvafiq qurumların vəzifəsidir.
Ona görə də hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında viza məsələsinin gündəmdən çıxarılması daha məqsədəuyğun olardı.
Üstəlik, Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətləri arasında gediş-gəlişin asanlaşdırılması istiqamətində müxtəlif təşəbbüslər müzakirə olunur. Bu təşəbbüslərdən biri Şengen modelinə bənzər, bir türk dövlətindən viza alan şəxsin digər iştirakçı dövlətlərə də səfərini asanlaşdıran mexanizmin yaradılması ideyasıdır. Eyni zamanda, türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət imkanlarının genişləndirilməsi məsələsi də əhəmiyyət daşıyır.
Belə bir şəraitdə biz inteqrasiyanı dərinləşdirmək əvəzinə, geriyə addım ataraq qardaş Türkiyə ilə aramızda viza rejimi tətbiq etməliyikmi? Məncə, bu, düzgün yanaşma olmazdı.
Türk dövlətləri arasında viza məsələsinin hələ də qüvvədə olduğu ölkələrdən biri Türkmənistandır. Azərbaycan tərəfinin də bu sahədə gediş-gəlişin asanlaşdırılmasında maraqlı olduğu, lakin qarşılıqlı razılaşma əldə edilmədən bu istiqamətdə irəliləyişin mümkün olmadığı nəzərə alınmalıdır.
Demək istədiyim budur ki, Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəlişin qorunması və daha da asanlaşdırılması həm ikitərəfli münasibətlərimizin ruhuna, həm də Türk Dövlətləri Təşkilatının inteqrasiya məqsədlərinə uyğundur”-deyə A.Həsrət qeyd etdi.
A.Həsrət Azərbaycanın Türkiyə ilə viza rejiminin tətbiqində maraqlı olacağını düşünmür. “Əksinə, dövlətimizin marağı qardaş ölkə ilə əlaqələri qorumaq, vətəndaşlarımızın qarşılıqlı səfərlərini asanlaşdırmaq və iki xalq arasındakı tarixi bağları daha da möhkəmləndirməkdən ibarətdir”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA