Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirib və müəllimləri imtahan proqramlarının müzakirəsində daha fəal iştirak etməyə çağırıb.
Facebook hesabında paylaşım edən M.Abbaszadə qeyd edib ki, hər il imtahanlardan sonra sualların çətinliyi ilə bağlı narazılıqlar yaranır. Onun sözlərinə görə, imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələr və onların statistik təhlili nəzərə alınmalıdır.
“İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir”, – DİM sədri bildirib.
O, həmçinin hazırda Mərkəzdə imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb.
M.Abbaszadə müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri imtahan proqramları və modelləri ilə bağlı müzakirələrə qoşulmağa dəvət edib.
DİM sədri bildirib ki, ötən il imtahanlardan əvvəl və sonra anonim sorğular keçirilib, imtahanla bağlı gözləntilərlə sonrakı qiymətləndirmələr arasındakı fərqlər araşdırılıb. Əldə olunan nəticələr əsasında hazırlanan məqalə ictimaiyyətə təqdim edilib.
“İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək”, – M.Abbaszadə qeyd edib.
O qeyd edib ki, hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir.
"Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir".
O vurğulayıb ki, DİM hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edir.
ZÜMRÜD