Akif Nəsirli: “Belə bir şəraitdə Azərbaycana qarşı siyasi və ideoloji təzyiqlərin göstərilməsi...”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində (Qarabağ və Şərqi Zəngəzur) Türkiyə şirkətlərinə verilən layihələrin ümumi dəyərinin 5 milyard dolları aşdığı məlumdur. Bu həm rəsmi rəqəmlərlə, həm də iqtisadi hesabatlarda öz təsdiqini tapır.
Türkiyənin ticarət naziri Ömer Bolat və Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi açıqlamalarında bildiriblər ki, Türkiyə podratçıları azad edilmiş ərazilərdə ümumi dəyəri 5 milyard dollardan çox olan layihələr icra edir. Regionda 20-yə yaxın Türkiyə şirkəti infrastruktur, tikinti və kənd təsərrüfatı sahələrində 50-dən çox irimiqyaslı layihə həyata keçirir.
Azərbaycan azad olunmuş ərazilərində AKP-yə yaxın iş adamlarının, şirkətlərin 5 milyard dollardan çox dəyəri olan layihələr həyata keçirirlər. Yəni Azərbaycan müttəfiq ölkə olaraq bundan artıq daha nə edə bilərdi? Azərbaycan belə bir jesti dünyanın heç bir ölkəsinə etməyib, azad ərazilərdə AKP iqtidarının himayəsində olan, iqtidara yaxın olan biznes strukturlarına, şirkətlərə 5 milyard dollardan artıq layihə icra etmək üçün şans verib. Söhbət son 4-5 ildən gedir. Bu Azərbaycanın vəsaitidir və ölkəmizin vəsaiti Türkiyənin büdcəsinə gedir. Bütün bunların müqabilində isə dinçi, təriqətçi AKP iqtidarı Azərbaycanın daxili işlərinə qarışır.
Liberal İqtisadçılar Birliyin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, Azərbaycanın azad edilmiş ərazilərində son dörd-beş ildə Türkiyənin AKP iqtidarına yaxın biznes strukturlarına 5 milyard dollardan artıq layihələrin verilməsi ciddi faktdır: “Bu, Azərbaycanın Türkiyəyə göstərdiyi ciddi iqtisadi dəstəyin göstəricisidir. Bir məqamı da vurğulamaq gərəkdir ki, Azərbaycan tərəfi tenderlər zamanı şirkətləri hansısa dövlətə və siyasi quvvələrə mənsub olduqlarına görə deyil, qabiliyyətinə görə seçməli idi. O şirkətlər AKP-yə yaxınlığına görə seçilibsə, bu bizim ən böyük səhvimizdir. Bu layihələr dövlət büdcəsi hesabına maliyyələşdirilir və Türkiyə şirkətləri üçün böyük iqtisadi imkanlar yaradır. Belə bir şəraitdə Azərbaycana qarşı siyasi və ideoloji təzyiqlərin göstərilməsi, xüsusilə ölkəmizin daxili məsələlərinə müdaxilə cəhdləri təəccüb doğurur. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir, lakin müttəfiqlik bir ölkənin digərinin daxili siyasətinə təsir göstərməsi demək deyil. Hər iki dövlətin suverenliyinə və seçimlərinə hörmət edilməlidir. Türkiyədəki dinçi, təriqətçi siyasi qüvvələr anlamalıdırlar ki, Azərbaycanın göstərdiyi dəstək hər hansı partiyaya və ya ideoloji cərəyana deyil, iki ölkə arasındakı qardaşlıq və əməkdaşlıq münasibətlərinə əsaslanır”.
A.Nəsirlinin fikrincə, buna görə də Azərbaycanla münasibətlərdə AKP-nin siyasi maraqları ilə Türkiyə dövlətinin və xalqının maraqlarını eyniləşdirmək düzgün deyil. “Azərbaycanın gözləntisi sadədir: göstərilən dəstəyə hörmət, qarşılıqlı etimad və daxili işlərə qarışmamaq”-deyə A.Nəsirli qeyd etdi.
İradə SARIYEVA