Məlum olduğu kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) 7-ci Zirvə toplantısında İsrail Prezidenti İsak Hersoq çıxış edərkən zalı tərk edib. Hersoqun çıxışı başlayan zaman Hakan Fidan və bir sıra digər ölkələrin nümayəndələri etiraz olaraq iclas zalından çıxıblar.
Maraqlıdır, Fidan Bakıda Prezident İlham Əliyevin də iştirak etdiyi tədbiri yarımçıq kəsib zaldan çıxması düz addım idimi? Ən azı İlham Əliyevin orada olmasına görə bu addımı atmaq lazım deyildi. Məsələyə daha dəridən yanaşanda ya Fidan Azərbaycana gəlməməli idi. Çünki bilirdi ki, İsrail prezidenti tədbirə dəvət olunub. Ya da gəlmişdisə heç olmasa o zirvəyə qatılmamalı idi. Çünki Hersoq orada çıxış edəcək. Ya da zalı tərk etməməli idi. Ən azından bu, Azərbaycan Prezidentinə bir hörmət olardı. O baxımdan Hakan Fidan məlum addımı ilə düzmü etdi?
Əli Orucov: “Fidan Azərbaycanın tədbirə ev sahibliyi etdiyini nəzərə almalı idi”
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Fidan Azərbaycanın tədbirə ev sahibliyi etdiyini nəzərə almalı idi: “Çünki Azərbaycan Türkiyə üçün sıradan bir ölkə statusunda deyil. İki ölkə arasında strateji müttəfiqliyə dair saziş var. Düzdür, Türkiyə Fələstin məsələsində son dərəcə həssasdır. Sentyabrın 24-də İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışları zamanı kütləvi boykotlar baş verib. Türkiyə və bir sıra ölkələrin nümayəndələri zalı tərk edib. Ancaq hesab edirəm ki, Azərbaycanın strateji müttəfiqi olan ölkə Bakıda beynəlxalq tədbirin keçirilməsini nəzərə almalı idi”.
Xaqani Cəfərli: “Bu, 29 dövlətin təmsil olunduğu tədbirə kölgə salmağa xidmət edirdi”
Politoloq Xaqani Cəfərli də hesab edir ki, Fidanın məlum addımı doğru deyildi: “Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirə kölgə salmağa yönəlmiş hərəkəti çox böyük ayıbdır. Zirvə Toplantısında İsrail Prezidenti İsxak Hersoqun çıxışı zamanı Hakan Fidanın nümayişkaranə sürətdə salonu tərk etməsi, ərəb dövlətlərinin təmsilçilərinə oxşar davranmalarını işarə etməsi Azərbaycanın ev sahibliyi etdiyi, 29 dövlətin təmsil olunduğu tədbirə kölgə salmağa xidmət edir”.
Vidadi ORDAHALLI