Donald Tramp dəfələrlə Rəcəb Tayyib Ərdoğanı müdafiə edib, onun haqqında müsbət fikirlər səsləndirib və Türkiyə lideri ilə münasibətlərini xüsusi vurğulayıb. Halbuki, Ankara ilə Vaşinqton arasında F-35 proqramı, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması, F-16 qırıcılarının modernləşdirilməsi və KAAN milli qırıcı layihəsi kimi məsələlərdə ciddi fikir ayrılıqları mövcuddur. Belə olan halda, Ərdoğan hansı siyasəti və şəxsi xüsusiyyətləri ilə Trampın rəğbətini qazanır? Bu münasibətlərin əsasında şəxsi simpatiya dayanır, yoxsa Tramp Türkiyənin geosiyasi mövqeyini, Ərdoğanın regional təsir imkanlarını və onunla razılaşma əldə etməyin üstünlüklərini nəzərə alır? ABŞ prezidentinin Ərdoğana isti münasibəti Vaşinqtonun Türkiyəyə dair strateji maraqları ilə nə dərəcədə bağlıdır? Nəhayət, bu yaxınlıq Türkiyənin ABŞ qarşısında mövqelərini gücləndirirmi, yoxsa şəxsi münasibətlərə əsaslanan siyasi diplomatiya konkret problemlərin həllini yalnız müvəqqəti olaraq asanlaşdırır?
Xaqani Cəfərli: "Trampın Ərdoğanın ünvanına söylədiyi təriflərin özü də təhqir kimi qəbul olunmalıdır"
Politoloq Xaqani Cəfərli hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə münasibəti ilə bağlı atdığı addımlar və Ankara üzərində yaratdığı təzyiqlər Türkiyə-ABŞ münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğunu göstərir. Onun fikrincə, bütün bunlara baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın tələblərinə uyğun davranmağa davam edəcək. Çünki Ankara ABŞ prezidentinin Türkiyə iqtisadiyyatına ciddi zərər vurmaq imkanına malik olduğunu nəzərə alır.
Xaqani Cəfərli məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Türkiyəyə qarşı məhdudlaşdırıcı addımların əhəmiyyətli hissəsi Trampın prezidentliyi dövründə atılıb. Onun sözlərinə görə, Türkiyənin ABŞ-ın F-35 qırıcı təyyarələri proqramından çıxarılması, Ankaranın ödədiyi 1,4 milyard dolların müqabilində təyyarələri ala bilməməsi və vəsaitin geri qaytarılmaması iki ölkə arasındakı münasibətlərin ziddiyyətli tərəflərini üzə çıxarır.
Politoloq qeyd edib ki, Türkiyəyə qarşı CAATSA sanksiyaları da Trampın ilk prezidentlik dövründə tətbiq edilib. Bu məhdudiyyətlər Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı atdığı addımların tərkib hissəsi olub.
Xaqani Cəfərlinin fikrincə, Türkiyənin hərbi aviasiya sahəsində qarşılaşdığı problemlər bununla bitmir. F-16 qırıcılarının modernləşdirilməsi və yeni təyyarələrin alınması ilə bağlı proseslər də uzun müddət mürəkkəb müzakirələrlə müşayiət olunub. Bundan başqa, Türkiyənin milli beşinci nəsil qırıcı təyyarəsi olan KAAN layihəsi üçün mühərriklərin əldə edilməsi məsələsi də Ankaranın müdafiə sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Politoloq hesab edir ki, mühərriklərin tədarükünə maneələr Türkiyənin öz milli qırıcı təyyarəsini yaratmaq planlarına ciddi zərbə vura bilər.
"Ankara Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini tələb edirdi, lakin Tramp administrasiyası bu tələbi yerinə yetirmirdi. Əvəzində Türkiyə amerikalı keşiş Endryu Bransonu həbs etmişdi. Tramp dəfələrlə Bransonun azadlığa buraxılmasını tələb edir, AKP hakimiyyətinə təzyiq göstərirdi. O, faktiki olaraq, Bransonun qaytarılmasını istəyirdi, Ankara isə Fətullah Gülənin təhvil verilməsində israr edirdi. Nəticədə Trampın Türkiyəyə qarşı sərt təzyiqləri və hədələri fonunda Branson 2018-ci ildə azadlığa buraxıldı və ABŞ-a qayıtdı. Bu hadisə Trampın Ərdoğanla münasibətlərində ciddi gərginlik yaradan əsas amillərdən birinə çevrildi", deyə politoloq vurğuladı.
O, Türkiyənin iqtisadi problemlərinə də toxunaraq bildirib ki, Trampın ilk prezidentliyi dövründə səsləndirdiyi "Türkiyə iqtisadiyyatını məhv edərəm" məzmunlu təhdidlər ölkədəki iqtisadi gərginliyi daha da artıran amillərdən biri olub. Politoloqun fikrincə, Türkiyənin son illərdə yaşadığı iqtisadi çətinlikləri və milli valyutanın dəyər itirməsini ABŞ-la münasibətlərdə yaranan gərginlikdən ayrıca nəzərdən keçirmək düzgün olmazdı.
Xaqani Cəfərli Trampın Ərdoğana münasibətdə işlətdiyi ifadələrə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə prezidentinə ünvanlanmış təhqiredici ifadələrin yer aldığı məktubun Tramp Tower binasındakı barın divarında nümayiş etdirilməsi belə, iki ölkə liderləri arasındakı münasibətlərin mürəkkəbliyini göstərən məqamlardan biridir. Belə bir şəraitdə Trampın Ərdoğan haqqında söylədiyi təriflər də birmənalı qarşılanmamalıdır.
Politoloq hesab edir ki, bütün bu ziddiyyətlərə baxmayaraq, Ərdoğan Trampın istəklərini nəzərə almağa və onunla münasibətləri qorumağa çalışacaq. Çünki Türkiyə rəhbərliyi ABŞ-ın iqtisadi və siyasi təzyiq imkanlarını, xüsusilə də bu təzyiqlərin ölkə iqtisadiyyatına vura biləcəyi zərəri yaxşı anlayır.
Xaqani Cəfərlinin qənaətinə görə, Trampın hazırkı prezidentlik dövrü başa çatdıqdan sonra da Türkiyənin ABŞ-la mövcud problemlərini həll etməsi asan olmayacaq. Əksinə, İran ətrafındakı məsələlərdə vəziyyətin dəyişməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması ilə Türkiyə-ABŞ münasibətlərində yeni fikir ayrılıqlarının üzə çıxması mümkündür.
Politoloq hesab edir ki, hazırda tərəflər arasında münasibətlərin qorunması qarşılıqlı strateji maraqlarla yanaşı, Türkiyənin ABŞ-ın iqtisadi və siyasi təzyiq imkanlarını nəzərə alması ilə də bağlıdır. Lakin bu amillər uzunmüddətli perspektivdə Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlərin aradan qalxacağına zəmanət vermir.
Akif NƏSİRLİ