"Austrian Airlines" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsi bazar günü axşam saatlarındaTəl-Əvivdən Vyanaya uçarkən Sofiyada təcili eniş edib. Təyyarədə 51 sərnişin və altı ekipaj üzvü olub. "Flightradar24" izləmə portalının məlumatına görə, təyyarə adi marşrutu ilə hərəkət edərkən Rumıniyanın cənubu üzərində kəskin dönüş edərək istiqamətini Sofiyaya dəyişib. Üç saat sonra təyyarə Vyanaya doğru yola düşüb və 19 oktyabrın erkən saatlarında oraya çatıb. Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə sərnişin təyyarəsini müşayiət edib. Britaniyanın "Sky News" telekanalının məlumatına görə, təyyarə Bolqarıstan üzərindən uçarkən "bomba təhlükəsi" barədə xəbərdarlıq daxil olub. Bolqarıstan rəsmiləri telekanala bildiriblər ki, sərnişin təyyarəsi Sofiyada eniş etməzdən əvvəl ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə tərəfindən müşayiət olunub. Hava limanına çatdıqdan sonra bütün sərnişinlər təyyarədən endirilib.