Azərbaycanın ailə modeli əsasında art-terapiya təcrübəsi və tarixi yaddaşı yaşadan tətbiqi sənət nümunələri ABŞ-də təqdim edilir
Mədəni irsin qorunması, unudulmuş sənət ənənələrinin müasir yaradıcılıqda yenidən ifadəsi və tətbiqi sənətin art-terapiya imkanlarının araşdırılması Azərbaycan qeyri-hökumət təşkilatının Vaşinqtonda başladığı beynəlxalq təqdimat proqramının əsas mövzularıdır.
Söhbət “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin reallaşdırdığı “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsindən gedir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi təşəbbüs Azərbaycanın ABŞ-dəki səfirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.
Vaşinqton mərhələsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təşkil olunan mədəni tədbirlər proqramına daxil edilib.
Layihənin ilk ictimai təqdimatı oktyabrın 15-də Amerika Dövlətləri Təşkilatının (OAS) baş qərargahında baş tutub. Burada keçirilən “Oil and Icon” proqramının sərgi hissəsində Azərbaycan tətbiqi sənətinin nümunələrindən ibarət xüsusi ekspozisiya yer alıb.
İctimai Birliyin sədri Lalə Sərdarlının kuratorluğu ilə hazırlanan ekspozisiyada sənət nümunələri təkcə estetik baxımdan deyil, həm də onların daşıdığı mədəni məna və yaradıcı yanaşma kontekstində təqdim edilib.
Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi, yeni texnologiyalar və innovasiyalar istiqamətinə rəhbərlik edən Toğrul Sərdarlı ziyarətçilərlə söhbətlər zamanı Azərbaycan sənət ənənələri, art-terapiya təcrübəsinin yaranması və tarixi irsin müasir texnologiyalarla yeni bədii formalarda yaşadılması barədə sualları cavablandırıblar.
Sərgiyə maraq göstərən mütəxəssislərdən biri Smithsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyində çalışan tanınmış tədqiqatçı antropoloq Pol Maykl Teylor (Paul Michael Taylor) olub. Asiya, Avropa və Yaxın Şərq etnologiyası üzrə kurator, eyni zamanda Asiya Mədəniyyəti Tarixi Proqramının rəhbəri olan alim ekspozisiya ilə yaxından tanış olub. Onunla mövcud peşəkar ünsiyyətin davamı olaraq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında ayrıca görüşün təşkili nəzərdən keçirilir.
Vaşinqtonda nümayiş olunan yaradıcılıq yanaşmasının mühüm xüsusiyyəti mədəni irslə müasir tətbiqi sənət arasında əlaqə yaratmasıdır. Layihə çərçivəsində keçmişin sənət ənənələri, zamanla unudulmuş bədii üslub və elementlər, habelə fiziki mövcudluğunu itirmiş tarixi-memarlıq abidələrinin xarakterik cizgiləri yeni sənət nümunələrində əksini tapır.
Bu fəaliyyət tarixi irsin olduğu kimi təkrarlanmasından daha geniş məqsədə xidmət edir: mədəni yaddaşın müasir insan üçün anlaşılan və yaradıcı ifadə vasitələri ilə yaşadılmasına.
Təşəbbüsün digər mühüm tərəfi Azərbaycanda ailə mühitində formalaşmış art-terapiya təcrübəsinin beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılmasıdır. İctimai Birlik həmin təcrübənin elmi araşdırmalara cəlb edilməsini, onun imkanlarının və tətbiq sahələrinin öyrənilməsini, gələcəkdə elmi əsaslı metodologiyanın hazırlanması istiqamətində mütəxəssislərlə əməkdaşlığı qarşıya məqsəd qoyur.
Beləliklə, layihə tətbiqi sənətin mədəni, yaradıcı və mümkün terapevtik istiqamətlərini bir araya gətirməklə yanaşı, Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təqdimatına da xidmət edir.
Vaşinqton proqramının növbəti tədbiri oktyabrın 16-da ABŞ–Azərbaycan Ticarət Palatasında (USACC) keçirilən “Azerbaijan Culture Day: Patterns, Colors & Stories” olacaq. Azərbaycan mədəniyyətinə həsr edilən tədbirdə Lalə Sərdarlı art-terapiya layihəsi haqqında çıxış edəcək, həmçinin iştirakçılar üçün sənət nümunələri nümayiş etdiriləcək.
Oktyabrın 18-də isə İctimai Birlik 24-cü İllik Türk Festivalının iştirakçıları sırasında yer alacaq. Festival çərçivəsində təqdim ediləcək sənət nümunələri və ziyarətçilərlə keçiriləcək görüşlər Azərbaycan mədəni irsinin daha geniş auditoriyaya tanıdılması üçün əlavə imkan yaradacaq.
Bununla paralel, ABŞ-nin elmi-tədqiqat və mədəniyyət müəssisələri ilə gələcək təmaslar barədə danışıqlar davam etdirilir. Mümkün görüşlərdə art-terapiya təcrübəsinin elmi öyrənilməsi və mədəni irsin müasir tətbiqi sənət vasitəsilə təqdimatı istiqamətində əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi gözlənilir.
Vaşinqton mərhələsinin nəticələri layihənin sonrakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyacaq.