Rusiyanın Moskva vilayətində meymunçiçəyi virusuna yoluxma şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Rusiyanın dövlətə yaxın xəbər agentlikləri olan "Interfax" və RBC məlumat yayıb. Hazırda həmin beş nəfərin hər biri ciddi tibbi nəzarət altındadır. Diaqnozu təsdiqləmək üçün laboratoriya müayinəsi məqsədilə onlardan nümunələr götürülüb. Regional Səhiyyə Nazirliyinin nümayəndələri vəziyyətin "nəzarət altında" olduğunu bildirirlər. Rusiya səhiyyə rəsmilərinin sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərdə hazırda xəstəliyin heç bir klinik əlaməti müşahidə olunmur və onların vəziyyəti qənaətbəxş hesab edilir. Qeyd etmək lazımdır ki, "meymunçiçəyi" diaqnozu hələlik ilkin xarakter daşıyır. Meymunçiçəyi (həmçinin "mpox" kimi tanınır) yüksək hərarət, limfa düyünlərinin şişməsi və ağrılı səpgilərlə xarakterizə olunan virus xəstəliyidir. Bu infeksiya əsasən Afrika regionları ilə əlaqələndirilir. Virus əvvəlcə gəmiricilər, xüsusilə də yer sincabları arasında yayılırdı. Meymunlar bir-biri ilə təmas nəticəsində yoluxurlar; insanlar isə virusa yoluxmuş heyvanların dişləməsi və ya cızması vasitəsilə yoluxa bilərlər. Meymunçiçəyinin törədicisi (meymunçiçəyi virusu) rəsmi olaraq potensial bioloji silah hesab edilən bioloji agentlər kateqoriyasına daxildir.
SAMİRƏ