Azərbaycan tarixinin öyrənilməmiş səhifələrindən biri də XI qırmızı rus ordusunun işğalından dərhal sonra bolşeviklərin Azərbaycan milli ordusunun bir hissəindən İrana qarşı təcavüzdə istifadə etməsi məsələsidir. Bunun elmi şəkildə obyektiv tədqiqi əvvəlki illərdə olduğu kimi bu gün də aktualdır.
Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Azərbaycandan istifadə edərək müsəlman şərq ölkələrini işğal etməyə çalışmışdır. 1920-ci ildə guya “Cəngəlilər” hərəkatına dəstək vermək üçün İranın Ənzəli və Rəşt limanlarına qoşun yeridərək Gilan Sovet Sosialist Respublikası yaradarkən əvvəlki kimi saxta şüarlardan istifadə etmişlər.
Bolşeviklərin müsəlman ölkələrinə sosialist inqilabını ixrac etmək siyasətində azərbaycanlılardan istifadə etməsi antihümanist siyasətin tərkib hissəsi idi. Dünya sosialist inqilabının tərkib hissəsi kimi inqilabın şərqin müstəmləkə ölkələrinə ixracı məsələsini ilk dəfə L.Trotski irəli sürmüş və bu ideya uzun müddət sovet xarici siyasətinin leytmotivi olmuşdu. L.Trotski deyirdi ki, “dünya kapitalizminin binası altına minaları daha yaxşı olar ki, Şərqdə, Avropa böyük dövlətlərinin müstəmləkə və “yarımmüstəmləkələrində” qoyaq. O, partiyanın yeni strategiyasını irəlü sürdü – “Şərqə doğru üzü çevirmək”, çünki “Paris və Londona yol Əfqanıstanın, Pəncabın və Benqalın şəhərlərindən keçir.” Bolşeviklər İranı da bu siyahıya daxil etmişdilər
Çox təəssüf ki, bolşeviklərin müsəlman şərqinə inqilabın ixracı ideyasına ürəkdən inanlardan biri də görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov olmuşdu. Bundan başqa sonradan 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Höküməti baş naziri olmuş Seyid Cəfər Pişəvəri də bu ideologiyanı qəbul edərək həmin prosesdə fəal iştirak etmişdir. Acınacaqlısı odur ki, bu iki böyük şəxsiyyətin hər ikisi bolşevik ideologiyasına inandıqlarına görə öz səhvlərinin qurbanları olmuşlar. Fikrimizcə işğalçı rus ordusunun Milli Ordunun qalıqlarından İrana qarşı təcavüzdə istifadə etməsi tarixmizin qaranlıq, qara səhifəsi kimi qəbul olunmalıdır.
Bolşevik Rusiyası ilə Gilandakı Cəngəlilər hərəkatını yaxınlaşdıran məsələlər haqqında .S.C. Pişəvəri yazırdı: “İranın o vaxtkı vəziyyətindən az-çox xəbərdar olan adamlar yaxşı bilirlər ki, beynəlmiləl müharibənin axırlarında bir iddə (dəstə) Gilan meşələrində “İttihad İslam” (İslam birliyi) adı altında üsyan edərək müttəfiq qoşunları ilə (Antanta) inadlı mübarizəyə girişib, hər qiymətə olursa-olsun, onların irəliləməsinin qarşısını almağa çalışırdılar".
Buradan aydın olur ki, M.K. Atatürkün rəhbərlik etdiyi Milli-Azadlıq hərəkatı kimi Cəngəlilər hərəkatını da bolşeviklərlə yaxınlaşdıran İngiltərə və Fransaya qarşı apardıqları mübarizə olmuşdur.
Sovet rəhbərləri digər məsələrdə olduğu kimi 1920-ci ildə İrana qarşı təcüvüzə başlayarkən riyakarcasına bu məsələdə onların əlinin olmadığını, İrana gedənlərin könüllülərdən ibarət olduğunu utanmandan bəyan edirdilər. 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başlayarkən eyni riyakarlıqla Rusiya rəhbərliyi Donesk və Luqanskdə rus əsgərlərinin olmadığını, həmin ərazidə Ukraynaya qarşı müharibəni yerli əhalidən olan müqavimətçilərin apardığını tele kanallar vasitəsilə dünya içtimaiyyətinə bildiridi.
Sovet dövrü tarixi saxtalaşdırıldığından elmi ədəbiyyatda bolşeviklərin Milli Ordunun bir hissəsindən İrana qarşı təcavüzdə istifadə etmələri ilə bağlı məlumatlar həddindən artıq azdır. Son illər 1920-1921-ci illərdə İranda baş verən hadisələr və bura sovet Rusiyasının müdaxiləsinə aid bir sıra samballı əsərlər yazılsa da bu əsərlərdə bolşeviklərin Azərbaycan Milli Ordusunun bir hissəsindən İrana qarşı təcüvüzdə istifadəsinə aid konkret faktlara rast gəlinmir.
Aydındır ki, 1920-ci ildə İrana qarşı əməliyyatlarda iştirak edən Azərbaycan hərbçiləri ayrıca “Azərbaycan milli ordusu”nun üzvləri kimi deyil, milli ordunun sabiq üzvləri kimi sovet hərbi hissələrinin tərkibində İran ərazinə aparılmışlar. Çünki həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti işğal edilmiş, Azərbaycanda təcavüzkar bolşevik diktaturası qurulmuşdu.
Azərbaycan milli ordusunun bir hissəindən İrana qarşı təcavüzdə istifadə olunması indiyənə qədər tədqiqat obyekti olmasa da bəzi faktlar bunun həqiqətən baş verdiyini sübut edir.
M.Ə.Rəsulzadə bu siyasəti ifşa edərək yazırdı: “Az-çox bağlı qalan Azərbaycan əsgəri dəxi dağıdılıyordu. Bir qisim qitəati müqabil inqilabçı deyə dağıtmış, geridə qalan mövcudiyyəni də Azərbaycan ixtilalının mütəaqib bolşeviklər tərəfindən İran üzərinə yapılan təcavüz səfərinə göndərmişlərdi… Bolşeviklər həm Azərbaycan ordusunun itlaf ediyor, həm də Rəşt ilə Ənzəlidən yapdıqları vəqayei Azərbaycanlı əliylə icra etmək surətilə bu iki dindaş millət arasında əbədi bir nifaq və uçurum açmaq istiyorlardı.” [ 3, s.74]
XI qırmızı rus ordusu Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakını işğal etdikdən 20 gün sonra, 1920-ci il mayın 17-də Rusiyanın Xəzərdəki hərbi dəniz donanmasının xüsusi eskadrilyası Bakı limanından Ənzəli istiqamətində yola çıxdı. On iki gəmidə yerləşdirilən silahlı matrosların ümumi sayı iki min nəfərə çatırdı. Mənzil başına yetişən kimi ruslar ingilislərin 36-cı piyada diviziyasının rəhbərliyinə bir gün ərzində tutduqları mövqelərdən ölkənin içərilərinə doğru çəkilmək barədə ultimatum verdilər. Səhərə yaxın vədənin müddəti bitəndə ingilislərin mövqeləri gəmilərdən güclü top atəşinə tutuldu. Bolşeviklər heç nəyə məhəl qoymadan İranın quru sərhədlərini də pozdular. Qafqaz diviziyasının əsgərləri Araz çayını adlayıb qonşu dövlətin ərazisinə soxularaq Ənzəli istiqamətində irəlilədilər
Ruslar Xəzər dənizində İranın Ənzəli limanını gəmilərdən top atəşinə tutarkən Ənzəli limanında lövbər salan Denikindən qalma gəmiləri geri almağa gəliklərini bəhanə edirdilər. Əslində isə bolşeviklərin əsil məqsədi şah rejiminə, ingilis ağalığına qarşı səfərbər olan milli-azadlıq hərəkatında istifadə edərək regionu öz təsir dairəsinə salmaqdan ibarət idi.
“Kafkaz qlobalizasiya” jurnalının 2012-ci il, 1- ci sayında dərc olunmuş “Bolşeviklər və Cənubi Xəzər sahilində dərinləşən münaqişə haqqında “İran dastanı” (1920-1921)” adlı məqalədə hadisə barədə belə məlumat verilir: “18 mayda hərbi dəniz donaması dəniz vasitəsilə İranın şimal hisəsinə, 20 mayda sə Lənkərandan süvari ordu hücuma keçərək İran Astarasını işğal edərək Ənzəli limanına doğru irəllədi. 23 may 1920-ci ildə Əzəli işğal olunduqdan sonra Pravda qəzeti yazırdı ki, “Xəzər dənizi sovet dənizi oldu. 23 gəmi, 50 top, 20 min mərmi, sürsat və hərbu texnika Bakıya gətirildi. “Azad İran” zirehli qatarı və 700-800 nəfərlik “Xüsusi təyinatlı Tatar dəstəsi” göndərildi və İran qırmızı ordusunun tərkibinə daxil edildi.”
M.A.Persits 1999-cu ildə nəşr olunmuş “Utanc verən müdaxilə. Sovetlərin 1920-1921-ci illərdə İran və Buxaraya hücumu haqqında” adlı kitabında bu məsələ barədə yazır: “Əslində bolşevik rəhbərliyi dünya inqilabını sürətləndirməyə çalışırdı. Şərq istiqaməti bu baxımdan ən perspektivli görünürdü. Sənədlər göstərir ki, Volqa-Xəzər Donanmasına birbaşa “Xəzər dənizinə nəzarəti ələ keçirmək” əmri verilmişdi. Ənzəli əməliyyatı V. İ. Lenin və L. D. Trotski tərəfindən sanksiyalaşdırılmışdı. Onlar Rusiya və Azərbaycan gəmilərinin dinc yolla geri qayıtması və İranla normal diplomatik münasibətlərin qurulması ehtimalını nəzərə almamışdılar.”
Persitsin kitabında sovetlərin İran müdaxiləsi üçün Azərbaycandan hərbi-strateji baza kimi istifadəsinə daha cox yer ayrılsa da, konkret olaraq azərbaycanlı hərbçilərinin İrana göndərilməsi barədə məlumat verilmir. Lakin kitabda “Əliheydər Qarayevin İran istiqamətində sovet siyasəti və Azərbaycan bolşevikləri ilə əlaqəli məsələlər”, “Azərbaycan üzərindən İran siyasətinin təşkili ilə bağlı məlumatlar”, “Azərbaycan bolşeviklərinin fəaliyyəti”, “İran istiqamətində sovet müdaxiləsi kontekstində Azərbaycanla bağlı məlumatlar”, “Gilan məsələsində Azərbaycan rəhbərliyinin və Nərimanovun mövqeyi, Çiçerinin Nərimanova müraciəti, Gilan hissələrinin “könüllü” və ya İran hərbiçilərinin tərkibində xidmətində göstərilməsi məsələsi ” haqqında verilmiş məlumatlar problemin dah geniş araşdırılmasına kömək edə bilər.
Fikrimizcə, bolşeviklərin 1920-ci ilin mayında və 1941- ci ilin avqustunda İranın şimalına, Cənubi Azərbaycana qoşun yerməsində əsas məqsədi çar Rusiyasının işğalçı siyasətini bir qədər başqa formada davam etdirməsindən başqa bir şey deyildi. Bolşevik ideologiyasına və sovet hakimiyyətinin vədlərinə inanaraq bu prosesdə iştirak etmiş azərbaycanlılar hər iki dövrdə faciələrlə üzləşmiş, yüzlərlə qurbanlar vermişlər.
Faktlar sübut edir ki, sovet rəhbərliyi bu siyasəti İranda baş vermis İslam İnqilabı (1978-1979-cu illər) dövründə də təkrar etməyə ciddi səylər göstərmişdi. Həmin dövrdə SSRİ-nin Cənubi Azərbaycan məsələsində siyasətinin birdən-birə 180 dərəcə dəyişməsi, Azərbaycan SSR-də Cənibi Azərbaycandakı soydaşlarımızın şair və yazıçılarının təbliğinə xüsusi diqqət, qayğı göstərilməsi, 1945-1946-ci il Cənubi Azərbaycan Milli hökümətinin süqutundan sonra SSRİ-yə sığınmış, lakin vətəndaşlıq hüququ verilməmiş demokratların səfərbər edilməsi və s. sovet dövlətinin işğala ciddi şəkildə hazırlaşdığını sübut edirdi. Lakin İslam iniqlabı rəbərinin “Bizim bir düşmənimiz Amerika, o biri düşmənimiz Şurəvidir (yəni sovetlər)” şüarını səsləndirməsi bunun qarşısını almışdır. Demək olar ki, bu zaman tale Azərbaycan xalqının üzünə gülmüşdür. Əks halda əgər SSRİ 1979-cu ildə Əfqanıstan kimi İrana da qoşun yeritsəydi ən çox istifadə edəcəyi canlı qüvvə və ən çox da qurban veriləcək insanlar azərbaycanlılar olacaqdı. Fikrimicə gələcəkdə hansısa dövlətin siyasətinin qurbanına çevirilməmək üçün bu cür tarixi hadisələri daim yaddan saxlamaq, bu faciələrdən nəticə çıxarmaq lazımdır.
Sovet Rusiyasının 1920-ci ildə İrana müdaxiləsində iştirak etmiş azərbaycanlıların acı taleyini hazırki dövrdə Rusiya - Ukrayna müharibəsində Rusiya tərəfdə vuruşan azərbaycanlıların acı taleyi ilə müqayisə etsək müəyyən oxşarlıq görmüş olarıq. Başqa dövlətlərin işğalçı siyasətinə qulluq etmək, bu təcüvüzdə iştirak etmək, həmin siyasətin qurbanı olmağı heç bir normal adam könüllü şəkildə qəbul edə bilməz. SSRİ rəhbərliyinin əmri ilə Macarstanda (1956), Çexoslavakiyada (1968), Əfqanıstanda (1979-1989) və s. ölkələrdə hərbi əməliyyatlarda iştirak etmiş azərbaycanlı hərbiçilər də eyni ilə həmin siyasətin qurbanı olmuşlar. Fikrimizcə bu həmin şəxslərin deyil, onları buna məcbur edən rejimin günahı, faciəsi idi.
Yekun olaraq qeyd etmək lazımdır ki, mövzu ilə bağlı gələcək ciddi elmi araşdırılmaların, hətta dissertasiyaların yazılmasına ehtiyac var. Fikrimizcə bu araşdırmalarda indiyənə qədər qaranlıq qalan aşğıdakı məsələlərə xüsusi fikir verilməlidir:
- İrana qarşı təcüvüzdə bolşeviklərin istifadə etdiyi azərbaycanlıların konkret sayı, mənşəyi haqqında məlumatlara;
- Azərbaycan-İran sərhəddindən Ənzəli limanına quru yolla partizan dəstəsi adıyla hücum edən bolşevik süvari dəstənin tərkibində nə qədər azərbaycanlı, o cümlədən nə qədər keçmiş Milli Ordu hərbiçiləri olub?
- İranın Əzəlilimanına yeridilmiş hərbi dəniz qüvvələri içərisində Bakını işğal zamanı xəyanət edərək bolşeviklər tərəfə keçən Çingiz İldırımın başçılıq etdiyi donamanın gəmiləri də olubmu? Əgər olubsa həmin gəmilərin şəxsi heyəti haqqında məlumatların araşdırması.
- İrana qarşı sovet təcüvüzündə azərbaycanlı hərbiçilərin könüllü, yoxsa məcburi və ya aldadılaraq iştirak etməsinin aydınlaşdırılması.
- İrana qarşı sovet təcüvüzündə iştirak etmiş azərbaycanlıların sonrakı taleyi öyrənilməli, onların da sonradan repesiyalara məruz qalıb, qalmamasının öyrənilməsi və s.
Fikrimizcə, hazırda Azərbaycan Respublikasında ictimai elmlər üzrə fəaliyyət göstərən əlaqələndirmə mərkəzləri gənclərin elmi tədqiqat mövzularını təsdiq edərkən digər mövzularla yanaşı Azərbaycan tarixinin qaranlıq səhifələrinə də xüsusi fikir verməli, onların araşdırılmasına qayğı ilə yanaşmalıdırlar.
Məhərrəm Zülfüqarlı t.ü.e.d., professor