Tehranda keçirilən gecə mitinqində Azərbaycan Prezidenti İlham Əliyevə qarşı şüarların səsləndirildiyi iddia olunur. Hadisə Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimi qaydalarının İranın bəzi media və dini-siyasi dairələrində müzakirə edildiyi dövrə təsadüf edir.
Azərbaycanda məktəbli geyimi ilə bağlı daxili təhsil məsələsinin İranın siyasi və dini müzakirələrinə daxil edilməsi, ardınca isə Azərbaycan Prezidentinə qarşı şüarların səsləndirilməsi iki ölkə münasibətləri baxımından narahatlıq doğuran hal kimi qiymətləndirilir. Azərbaycanın təhsil siyasəti ölkənin daxili səlahiyyətinə aid məsələdir. Bu mövzunun başqa ölkədə siyasi kampaniyaya çevrilməsi və dövlət başçısına qarşı ritorika ilə müşayiət olunması Azərbaycan–İran münasibətlərində əlavə gərginlik yarada bilər.
Azərbaycanda hicab məsələsinin ətrafında Türkiyə və İrandakı müəyyən siyasi dairələrin fəallığının artması bu ölkələrdəki ayrı-ayrı qüvvələrin koordinasiyalı hərəkət etməsi ehtimalını gündəmə gətirirmi? Bu fəallığın arxasında ortaq siyasi maraqların və ya əlaqələndirilmiş fəaliyyətin dayandığını düşünmək üçün hansı əlamətlər və faktlar olmalıdır, yoxsa söhbət fərqli siyasi məqsədləri olan dairələrin eyni mövzudan öz maraqları naminə istifadə etməsindən gedir?
Zeynal Əmrəliyev: "Azərbaycana qarşı dini pərdə altında aparılan kampaniyaların səmimi tərəfi yoxdur"
Politoloq Zeynal Əmrəliyev məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan zaman-zaman İranda fəaliyyət göstərən müəyyən qrupların din pərdəsi altında ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləməsinin şahidi olub. Onun sözlərinə görə, bu qrupların fəaliyyəti iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməməlidir və İran dövləti belə halların qarşısını almaq üçün müvafiq addımlar atmalıdır.
Politoloq qeyd edib ki, hazırda Azərbaycanla İran arasında münasibətlərin normal məcrada davam etməsi hər iki tərəfin maraqlarına uyğundur. Buna görə də ayrı-ayrı qrupların fəaliyyəti və səsləndirdikləri bəyanatlar ikitərəfli münasibətlərə zərər vurmamalıdır.
Əmrəliyev vurğulayıb ki, Azərbaycanda baş verən hadisələr ölkəmizin daxili işidir. Azərbaycan başqa dövlətlərin daxili işlərinə müdaxilə etmədiyi kimi, digər ölkələrin də Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə yol verə bilməz.
Zeynal Əmrəliyevin fikrincə, İran ərazisində Azərbaycana qarşı dini təşəbbüs adı altında kampaniyaların təşkil edilməsi və bu fəaliyyətin azərbaycanlıların dini hüquqlarının müdafiəsi kimi təqdim olunması səmimiyyətlə bağlı suallar yaradır. Politoloq hesab edir ki, bu cür addımların arxasında dini həssaslıqlardan siyasi məqsədlər üçün istifadə etmək niyyəti dayanır. O, belə fəaliyyətlərin Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərə biləcəyini də diqqətə çatdırıb.
Politoloq məsələyə tarixi kontekstdən yanaşaraq bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə İranda fəaliyyət göstərən həmin qruplar azərbaycanlıların üzləşdiyi faciələrə və dini dəyərlərə qarşı törədilən təhqirlərə eyni həssaslıqla münasibət göstərməyiblər. Onun sözlərinə görə, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Azərbaycanın işğal olunmuş ərazilərində məscidlər dağıdılıb və dini abidələrə qarşı vandalizm halları baş verib.
Əmrəliyev sual edir ki, azərbaycanlıların dini hüquqlarının müdafiəsini indi ön plana çəkən qüvvələr həmin dövrdə nə üçün eyni mövqedən çıxış etməyiblər. Politoloqun qənaətinə görə, bu ziddiyyətlər həmin qrupların indiki bəyanatlarının səmimiliyinə şübhə yaradır. O hesab edir ki, dini dəyərlərin müdafiəsi iddiası siyasi məqsədlərə xidmət etməməli, bu məsələlərə münasibətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirilməlidir.
Politoloq, həmçinin vurğulayıb ki, Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən qrupların Prezident İlham Əliyevə qarşı şüarlar səsləndirməsi də onların ölkəmizin həyata keçirdiyi siyasətə münasibəti ilə əlaqəlidir. Onun fikrincə, Azərbaycanın son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlar, beynəlxalq mövqeyinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpası ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən qüvvələr tərəfindən birmənalı qarşılanmır.
Zeynal Əmrəliyev hesab edir ki, Azərbaycanla İran arasında münasibətlərin qorunması üçün hər iki tərəf qarşılıqlı hörmət və suverenliyə riayət prinsiplərini əsas götürməlidir. Dini amildən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir. İkitərəfli münasibətlərin inkişafı üçün əsas şərt dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması, qarşılıqlı etimadın qorunması və ayrı-ayrı qrupların fəaliyyətinin regional əməkdaşlığa mane olmasının qarşısının alınmasıdır.
Akif NƏSİRLİ