Ramil Məmmədli: “Fələstinlə bağlı Azərbaycana yönəlik tənqidlər tamamilə qərəzlidir”
Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.
Bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən ölkəmizlə bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.
Açıqlamada o da qeyd olunub ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır: “Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Fələstin məsələsində AKP rəsmilərinin dəyərləndirməsi tamamilə əsassızdır: “Əvvəla Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın Türkiyə ilə çox yaxın münasibətlərə malik olması o demək deyil ki, xarici siyasətimizi Ankara müəyyən etməlidir. Ölkəmiz hansısa dövlətin əyaləti deyil. Necə ki Azərbaycan Türkiyənin daxili işlərinə qarışmır, qarşı tərəf də ölkəmizin işlərinə qarışmamalıdır. Azərbaycan Fələstin məsələsində paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını və BMT qətnamələrinə uyğun olaraq iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz hər zaman bu siyasətə sadiq olub. Azərbaycan məsələyə selektiv deyil, beynəlxalq hüququn universallığı, ərazi bütövlüyü və BMT qətnamələrinin icrası prinsipi ilə yanaşır. Üstəlik. mövqeyini İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının platformalarında davamlı ifadə edir. Azərbaycan Yaxın Şərqdə balanslı siyasət yürüdərək həm İsraillə strateji əlaqələr saxlayır, həm də Fələstin xalqına siyasi və humanitar dəstək göstərir. Azərbaycan müxtəlif illərdə Fələstinə maliyyə və humanitar yardımlar edib, fələstinli tələbələr üçün təqaüd proqramları ayırıb və Nablus şəhərində orta məktəb tikintisi öhdəliyini götürüb. Hətta 2026-cı ilin iyulunda Azərbaycan XİN ilə Fələstin XİN arasında səfirliyə maliyyə yardımına dair Protokol təsdiq edilib. Bundan artıq nə olmalıdır ki? Məgər Azərbaycan İsrailin Fələstində həyata keçirdiyi əməliyyatlara dəstək verib? O üzdən, Fələstinlə bağlı Azərbaycana yönəlik tənqidlər tamamilə qərəzlidir”.
Vidadi ORDAHALI