Ermənistanın baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən sonra dünyanın necə olacağını təsəvvür edən video paylaşıb.
Baş nazir bildirib ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometr olmalıdır və sərhədlərin delimitasiyası və demarkasiyası Alma-Ata Bəyannaməsi çərçivəsində həll edilməlidir.
Paşinyan həmçinin anklav və eksklavlardan da danışıb. Baş nazirin sözlərinə görə, onlar mövcud olmamalıdır: "Yəni, iki ölkə — Ermənistan və Azərbaycan — dəqiq müəyyən edilmiş ölçülərdə əraziləri mübadilə etməlidirlər. TRİPP çərçivəsində bütün yollar və kommunikasiya marşrutları açıq olmalıdır, həm də təkcə TRİPP deyil".
Baş nazirin sözlərinə görə, Bakı və İrəvan bir-birinə qarşı heç bir iddia irəli sürməməli və bütün məsələlərdə bir-birinə müdaxilə etməməlidir.
“İndi ən vacib sual budur: həqiqətən də belə bir dünya yaratmaq mümkündürmü? Türkmənistanda Azərbaycan Prezidenti ilə görüşümdən sonra ilkin təəssüratım yarandı ki, belə bir dünya yaratmaq imkanımız var və yaxın gələcəkdə bu fürsəti reallaşdırmaqla məşğul olacağıq”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistan Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinə iddialar səsləndirirdi.
Tahir TAĞIYEV