Bəhruz Quliyev: “İdeoloji təhlükəsizlik dövlət müstəqilliyinin qorunmasının əsas istiqamətlərindəndir”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, Azərbaycan gücləndikcəbizə qarşı təzyiqlər daha da çoxalacaq:
“Təhlükəsizlik tədbirləri. Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev hesab edir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasət yürüdür və heç bir kənar diktəni qəbul etmir: “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın qarşısında duran çağırışların mahiyyətini aydın göstərir. Azərbaycan gücləndikcə, müstəqil siyasətini daha qətiyyətlə həyata keçirdikcə, ölkəmizə qarşı təzyiqlərin artması da qaçılmazdır. Çünki Azərbaycan bu gün öz milli maraqlarına əsaslanan siyasət yürüdür və heç bir kənar diktəni qəbul etmir. Müasir dövrdə təhlükəsizlik anlayışı təkcə sərhədlərin qorunması və hərbi güclə məhdudlaşmır. İnformasiya və ideoloji təhlükəsizlik də dövlət müstəqilliyinin qorunmasının əsas istiqamətlərindəndir. Bu gün informasiya məkanında dezinformasiyalar, məqsədli təbliğat və cəmiyyətin düşüncəsinə təsir göstərmək cəhdləri ciddi çağırışlar yaradır. Belə şəraitdə milli maraqlarımızın qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və ideoloji dayanıqlığın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Politoloq onu da qeyd etdi ki, burada medianın məsuliyyəti olduqca böyükdür: “Media yalnız baş verən hadisələri işıqlandıran vasitə deyil, həm də informasiya təhlükəsizliyinin təmin olunmasında, milli dəyərlərin qorunmasında və cəmiyyətin yad təsirlərə qarşı müqavimətinin gücləndirilməsində mühüm rol oynayır. Jurnalistikanın əsas vəzifəsi faktlara söykənmək, dezinformasiyanı ifşa etmək, ictimaiyyəti obyektiv məlumatlandırmaq və sağlam ictimai rəyin formalaşmasına töhfə verməkdir. Əminəm ki, Azərbaycanın gücü həm də informasiya məkanında öz həqiqətlərini müdafiə etmək bacarığındadır. Dövlətin sərhədlərini qorumaq nə qədər vacibdirsə, milli düşüncəmizi, ideoloji dəyərlərimizi və informasiya məkanımızı qorumaq da bir o qədər vacibdir. Milli birlik, güclü dövlətçilik düşüncəsi və məsuliyyətli media Azərbaycanın müstəqil siyasətinin etibarlı dayaqlarıdır”.
Vidadi ORDAHALLI