Moskva və İrəvan arasında Ermənistan dəmir yollarının idarəçilik hüququ ilə bağlı yaranan ziddiyyətlərin daha mühüm səbəbləri üzə çıxır. Rusiya mediasında yayılan məlumatlar, ekspert dairələrində irəli sürülən fikirlər bu məsələ ətrafında ixtilafın daha çox geosiyasi, geoiqtisadi kontekstdən qaynaqlandığını göstərir. Moskvada belə hesab olunur ki, qlobal xarakterli nəqliyyat dəhlizləri uğrunda gedən rəqabətdə Qərb Rusiya üzərində qələbə üçün Ermənistandan yenə bir vasitə kimi istifadə etməyə çalışır. Ermənistan hakimiyyətinin bu müstəvidə addımları isə ölkənin artıq Qərbin tərəfində yer aldığını göstərir. Daim Moskvadan gələn göstərişlərlə hərəkət edən Ermənistanın indiki siyasəti Rusiyanın bu ölkədə Qərbə uduzmasını şərtləndirir. Bununla barışmaq niyyətində olmayan şimal qonşumuz yenidən Ermənistanı öz orbitinə qaytarması üçün ən müxtəlif təzyiq metodlarına əl atır. Eyni yanaşmanı İrəvanı Rusiyadan uzaqlaşdırmaq istəyən Qərb də nümayiş etdirir. Nəticədə Rusiya və Qərb arasında qalan Ermənistan bu güc mərkəzlərinin növbəti çəkişmə poliqonuna çevrilir.
Hələlik Moskva İrəvanın Rusiyaya qarşı siyasətində yeni motivlər aşkar edib. Kreml Cənubi Qafqazdan keçərək Asiya ilə Avropa arasında yeni nəqliyyat marşrutunun yaranmasına xidmət edən layihələrin xüsusi çəkiyə malik olduğunu hesab edir. Rusiya hakimiyyətinə yaxın olan “RİA Novosti” agentlyinin yazdığına görə, məhz bu fonda Ermənistanın Moskva ilə dəmir yolu idarəetmə müqaviləsini yenidən3 nəzərdən keçirmək niyyəti təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edir. Qeyd edək ki, elə bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hökumətinin Rusiya ilə dəmir yollarına dair müqaviləni birtərəfli qaydada ləğv etmək üçün hüquqi əsaslara, lazımi sənədlərə malik olduğunu bildirib. “RİA Novosti” bildirir ki, tərəflər arasında dəmir yolu mübahisəsi hazırda bütün Cənubi Qafqazın logistikasını dəyişdirə biləcək yeni nəqliyyat marşrutlarının formalaşması fonunda inkişaf edir. Qeyd olunur ki, Avropa İttifaqı alternativ logistika marşrutlarının yaradılmasını dəstəkləyir. Bundan başqa, ABŞ də Cənubi Qafqazda özünün bilavasitə iştirakçısı olduğu nəqliyyat və enerji infrastrukturunun inkişafında maraqlıdır. Hazırda Qərb üçün bu müstəvidə əsas maneələrdən biri məhz Ermənistan dəmir yolları üzərində Rusiyanın nəzarətidir. Bu nəzarətin geri alınması üçün Qərb Ermənistana müxtəlif yollarla təsir edir, çoxsaylı vədlər, o cümlədən yeni sərmayə axınları vəd edir. İrəvan elə bu fonda Rusiya ilə nəqliyyat sferasında da bağlarını qoparmaqda artıq israrlı mövqe nümayiş etdirir. Rusiyalı politoloq Aleksandr Dudçak qeyd edir: “Ermənistan hakimiyyətinə Rusiya ilə qarşıdurma gündəmini davam etdirmək üçün xaricdən təzyiq göstərilir. Rusiya həmişə enerjidən tutmuş humanitar yardıma qədər geniş sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Lakin İrəvan bir sıra Qərb ölkələrinin diktə etdiyi müəyyən siyasi mülahizələri rəhbər tutur. Sonuncunun məqsədi Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməkdir. Bu məsələdə Qərb hətta nəqliyyat sferasına da müdaxilə edir”. İrəvan Rusiyadan gələn ittihamları qəbul etmir. Baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistan-Rusiya münasibətlərinin İrəvan və Bakı arasında əldə edilən sülh nəzərə alınmaqla transformasiyaya uğradığını bildirib. Bu transformasiya hökumətin 2026-2031-ci illər üçün proqramında da qeyd olunur. Maraqlıdır ki, elə bu müstəvidə Ermənistan ərazisində Rusiya idarəçiliyində olan müəssisələr, o cümlədən də dəmir yolunun idarəçiliyini ya Moskvadan geri almaqda, ya da onu üçüncü tərəfə ötürməkdə qərarlıdır. Elə “RİA Novosti”nin yazdığına görə də, bu şəraitdə İrəvanın “Rusiya Dəmir Yolları” şirkəti ilə müqavilənin mümkün ləğvi sadəcə Ermənistan dəmir yollarının operatorunda dəyişiklik demək deyil. Bu, həmçinin regional infrastrukturun Rusiyadan keçməyən marşrutlara yönəldilməsi addımının bir hissəsidir. Bu qiymətləndirməyə görə, Moskva İrəvanın hərəkətlərini Rusiyanın Asiya və Avropa arasında nəqliyyat əlaqələrində iştirakını məhdudlaşdırmaq üçün Qərbin daha geniş səylərinin bir hissəsi kimi görür. Təbii ki, belə bir hal Rusiyanın təkcə Cənubi Qafqazda yox, ümumiyyətlə, qlobal miqyasda nəqliyyat və logistika maraqlarına ciddi xələl gətirir. O səbəbdən Rusiyanın maraqlarının müdafiəsi naminə Ermənistanın indiki hakimiyyətinə qarşı bundan sonra daha sərt mövqe tutması istisna edilmir. Ermənistanlı ekspert Mina Xaçatryan bildirir: “Paşinyan Ermənistan dəmir yollarını idarə edən “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin idarəçiliyinin Rusiyadan alınması və onun konsessiyasının üçüncü tərəfə satılmasında israr edir. Rusiya isə bunu istəmir. Paşinyan da başa düşür ki, Rusiyaya aktiv şəkildə təzyiq göstərmək onun baş nazirlik kürsüsündən devrilməsinə gətirib çıxara bilər. Buna rəğmən, Paşinyan Qərbin diqtəsi ilə hərəkət edir və geri çəkilmək niyyətində deyil. O, Rusiya üçün hələ də dəyərli olan hər şeyi hərraca çıxarmağa çalışacaq və bununla da klassik şahmat çəngəli yaradacaq”.
Rusiyada etiraf edilir ki, Ermənistan dəmir yolları üzərində nəzarətin saxlanması Kreml üçün artıq müstəsna önəmə malikdir. Məsələn, elə “RİA Novosti” bildirir ki, burada əsas məsələ təkcə Ermənistandakı Rusiya konsessiyasının gələcəyi deyil, həm də Rusiyanın Cənubi Qafqazın yeni nəqliyyat arxitekturasındakı yeridir. Alternativ dəhlizin inkişafı Rusiya şirkətlərinin regional infrastrukturdan kənarlaşdırılması ilə müşayiət olunarsa, Moskva perspektivli beynəlxalq yük daşımaları marşrutlarının birindən kənarda qalma riski daşıyır. Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov qeyd edir: “Rusiya üçün əsas sual Ermənistanla dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra necə inkişaf edəcəyidir. Rusiya dəfələrlə bildirib ki, mövcud müqavilə ləğv olunarsa, Ermənistan Rusiyanın dəmir yollarına çəkdiyi bütün xərcləri ödəməlidir. Əgər Ermənistan müqavilənin şərtlərini pozaraq xərcləri ödəmədən güzəşti geri götürmək qərarına gələrsə, Rusiya müvafiq məhkəmələrə müraciət edəcək. Bundan əlavə, Ermənistan hakimiyyəti qanunsuz müsadirə tədbirlərinə əl atsa, Rusiya oxşar məbləğdə Ermənistan əmlakını müsadirə edə bilər”.
Qeyd edək ki, "Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov dəmir yolu məsələsini müzakirə etmək üçün gələn həftə Ermənistana səfər edəcək. Məhz onun apardığı müzakirələrdən sonra Rusiyanın Ermənistan dəmir yolları ilə bağlı hansı addımlar atacağına qəti qərar verəcəyi gözlənilir.
Tahir TAĞIYEV