"Mənim fikrimcə, hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır. Hətta deyərdim, mənim aləmimdə vaxtı keçmiş qərardır. Çünki bu qərar çoxdan verilməli idi. Azərbaycan etnik qruplarla, dini baxışlarla, milli mentalitetlə zəngin olan böyük və kiçik xalqların yaşadığı azad bir məmləkətdir. Yəni insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəblərdə bu azadlıqlar müəyyən çərçivəyə salınmalıdır. Tarixən bu belə olub, belə də olacaq".
Bu fikirləri baki-xeber.com-a Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu bildirib. B. Vəziroğlu qeyd etdi ki, çünki məktəb dini, yaxud milli məbəd deyil, məktəb təhsil məbədidir, insanlara işıq, ziya verən bir məbəddidir.
"Azərbaycanda yaşayan heç kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz. Bu böyük azadlıq məktəb divarları arasında, o təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır".
Məktəb, elm - təhsil məbədidir və bu məbədin qaydalarına hər kəs hörmətlə yanaşmalıdır, bu qərar anlayışla qarşılanmalıdır. "Bu həm müəllim, həm şagird kollektivinə, o məktəbə qədəm basan hər kəsə aid olmalıdır" - deyə B. Vəziroğlu qeyd etdi.
İradə SARIYEVA