Türkiyədə siyasi gündəmlə bağlı diqqətçəkən hadisə baş verib. İzmir Böyükşəhər Bələdiyyə başqanı Cəmil Tuğayın CHP-dən ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçməsi ölkənin siyasi arenasında ciddi müzakirələrə səbəb olub. Tuğayın bu qərarı CHP daxilindəki vəziyyət və Türkiyədə yerli siyasətin gələcək istiqaməti baxımından da diqqət çəkən siyasi addım kimi qiymətləndirilir.
İzmirdə CHP-dən bələdiyyə başqanı seçilən Cəmil Tuğayın AKP-yə keçməsi seçicilərin siyasi iradəsi baxımından ciddi suallar yaradır. Çünki seçicilər onu məhz CHP-nin siyasi kursuna və müxalif mövqeyinə güvənərək mandatla təmin ediblər. Bu baxımdan, seçilmiş bələdiyyə başqanının sonradan partiya dəyişməsi hüquqi və siyasi baxımdan necə tənzimlənməlidir? Belə hallarda seçicinin verdiyi mandatın qorunması üçün başqanın vəzifəsindən istefa verərək yenidən seçkiyə getməsi daha doğru mexanizm olmazmı?
Sabir Şahtaxtı: “İzmir şəhəri, bütövlükdə İzmir vilayəti Atatürkçü, millətçi və eyni zamanda müasir düşüncəli seçicilərin üstünlük təşkil etdiyi bir bölgədir”
Siyasi şərhçi Sabir Şahtaxtı məsələ ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, İzmir Böyükşəhər Bələdiyyə sədrinin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq AK Partiyaya keçməsi Türkiyənin ictimai-siyasi həyatında son illər müşahidə olunan siyasi yerdəyişmələrin davamı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu keçidin arxasında həm CHP daxilində yaşanan siyasi proseslər, həm də Türkiyədə müxalif bələdiyyə başqanlarına qarşı aparılan hüquqi və siyasi təzyiqlərlə bağlı yaranan vəziyyət dayana bilər.
Sabir Şahtaxtının fikrincə, Cəmil Tuğayın CHP-dən AK Partiyaya keçməsinin bir neçə mümkün səbəbi var: “Bunlardan biri Cümhuriyyət Xalq Partiyasının daxilində yaşanan parçalanmalar, İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı ətrafında baş verən proseslər və bir sıra yerli təşkilatlarda qəbul edilən qərarlarla bağlı narazılıqlardır. Digər mühüm məqam isə CHP-dən olan bir sıra bələdiyyə başqanlarının, o cümlədən böyük şəhər bələdiyyə başqanlarının korrupsiya ittihamları ilə həbs olunmasıdır. Təbii ki, burada AK Partiyanın gələcək seçkilərdə rəqiblərini zəiflətmək və siyasi üstünlük qazanmaq üçün müəyyən imkanlardan istifadə etməsi ehtimalını da nəzərdən qaçırmaq olmaz”.
Ekspert hesab edir ki, məsələnin digər mühüm tərəfi Cəmil Tuğayın məhz CHP-nin namizədi kimi seçicilərin səsini qazanmasıdır. O qeyd edib ki, Tuğay bələdiyyə seçkilərində CHP-nin namizədi kimi iştirak edib və təxminən 49 faiz səs toplayaraq rəqiblərini geridə qoyub. Buna görə də onun sonradan başqa siyasi partiyaya keçməsi seçicilərin bir hissəsində etimad probleminin yaranmasına səbəb ola bilər.
Sabir Şahtaxtı hesab edir ki, seçicinin verdiyi səs yalnız konkret şəxsə deyil, həm də həmin şəxsin təmsil etdiyi siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilir. Bu baxımdan seçilmiş bələdiyyə başqanının seçkidən sonra siyasi partiyasını dəyişməsi demokratik mandatın mahiyyəti ilə bağlı müzakirələri də aktuallaşdırır.
Siyasi şərhçi Türkiyənin yaxın siyasi tarixində partiyalararası keçidlərin başqa nümunələrinin də olduğunu xatırladıb. Onun sözlərinə görə, Meral Akşənərin rəhbərlik etdiyi İYİ Partiyanın parlamentdə təmsil olunması prosesində CHP-dən olan bir neçə deputatın İYİ Partiyaya keçməsi də mühüm siyasi hadisələrdən biri olmuşdu. Həmin keçidlər nəticəsində İYİ Partiya parlamentdə təmsil olunmaq üçün tələb olunan seçki baryerini keçmişdi. O zaman AK Partiya tərəfindən həmin deputatların siyasi mövqeyi ciddi şəkildə tənqid edilmiş və bu addım siyasi əxlaqsızlıq kimi qiymətləndirilmişdi, deputatları isə “kirayəlik deputatlar” adlandırmışdılar.
Sabir Şahtaxtının fikrincə, bu baxımdan Cəmil Tuğayın keçidi də yalnız bir bələdiyyə sədrinin partiya dəyişməsi kimi qiymətləndirilməməlidir. Burada əsas məsələ seçicinin verdiyi siyasi mandatın taleyi və seçilmiş şəxsin seçiciyə münasibətdə məsuliyyətidir.
O bildirib ki, Tuğayın gələcək siyasi taleyi, xüsusilə 2029-cu il bələdiyyə seçkiləri ərəfəsində daha aydın görünə bilər. AK Partiyanın onu İzmir Böyükşəhər Bələdiyyəsinə namizəd göstərib-göstərməyəcəyi, göstərdiyi halda isə İzmir seçicisinin bu namizədə münasibətinin necə olacağı əsas suallardan biridir. Bu məsələdə sosial sorğuların nəticələri də mühüm rol oynayacaq.
Siyasi şərhçi hesab edir ki, Cəmil Tuğay AK Partiyanın namizədi kimi seçkiyə qatılarsa, onun qarşısında əsas problemlərdən biri məhz əvvəlki seçkidə CHP-nin namizədi kimi qazandığı seçici dəstəyini qoruyub-qoruya bilməməsi olacaq. Çünki seçicilərin bir hissəsi onun partiya dəyişməsini siyasi mövqenin dəyişməsi kimi qiymətləndirə bilər.
Sabir Şahtaxtı vurğulayıb ki, İzmir Türkiyənin siyasi baxımdan ən özünəməxsus şəhərlərindən biridir: “Gələcək parlament, bələdiyyə və prezident seçkilərində ən ciddi siyasi mübarizələrdən biri İzmirdə gedəcək. İzmir şəhəri və bütövlükdə İzmir vilayəti Atatürkçü, millətçi və eyni zamanda müasir düşüncəli seçicilərin üstünlük təşkil etdiyi bir bölgədir. Ona görə də Cəmil Tuğayın AK Partiyaya keçməsinin onun şəxsi siyasi gələcəyinə və AK Partiyanın İzmirdəki seçki strategiyasına necə təsir edəcəyi xüsusilə maraqlı olacaq”.
Akif NƏSİRLİ