ABŞ Prezidenti Donald Tramp Litvanın ölkədə daimi ABŞ hərbi bazası yerləşdirmək təklifini nəzərdən keçirəcəyini bildirib. Litva hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi və hibrid təhdidlər fonunda ABŞ hərbçilərinin ölkədə daimi yerləşdirilməsini istəyir və Vaşinqtona bunun üçün əlverişli şərait yaratmağa hazır olduğunu açıqlayıb.
Hazırda Litvada rotasiya əsasında təxminən 1 000 ABŞ hərbçisinin yerləşdirilməsi planlaşdırılır. Onların oktyabrın sonunda ölkəyə gəlməsi və doqquz ay qalması nəzərdə tutulur. ABŞ hərbçiləri rotasiya əsasında Estoniya və Polşada da yerləşdirilir.
ABŞ-ın Litvada daimi hərbi baza yerləşdirməsi təklifinə müsbət yanaşması və Polşada da ABŞ hərbi mövcudluğunun genişləndirilməsi Avropanın təhlükəsizlik arxitekturasına və Rusiya-Qərb qarşıdurmasına necə təsir göstərə bilər? Bu addımlar regionda hərbi gərginliyin daha da artmasına və yeni qarşıdurma xəttinin formalaşmasına səbəb ola bilərmi?
Murad Sadəddinov: “Rusiya artıq NATO ilə hərbi rəqabət aparacaq resurslara malik deyil”
Politoloq Murad Sadəddinov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın Baltik ölkələrində hərbi mövcudluğunu artırması regionda yaranmış təhlükəsizlik vəziyyətinə adekvat cavab kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, son dövrlərdə Rusiyanın media resurslarında və bəzi rəsmilərinin açıqlamalarında Baltik ölkələri və Polşa ilə bağlı mümkün hərbi əməliyyatlara dair müxtəlif mesajlar səslənir. Bununla yanaşı, Polşa və Baltik ölkələrinin sərhədləri yaxınlığında dronlarla bağlı insidentlərin də baş verdiyini qeyd edən politoloq hesab edir ki, bu vəziyyət NATO-nun əlavə təhlükəsizlik tədbirləri görməsini şərtləndirir.
“Polşa və Baltik ölkələri NATO üzvüdür. Bu baxımdan NATO buna adekvat reaksiya verməlidir. NATO-nun aparıcı qüvvəsi isə Amerika Birləşmiş Ştatlarıdır. Bu baxımdan ABŞ-ın həmin ölkələrə dəstək verməsi, öz kontingentini artırması, hava hücumundan müdafiə sistemlərini gücləndirməsi və hava məkanına nəzarət üçün əlavə radarlar yerləşdirməsi gözləniləndir”, – deyə M.Sadəddinov bildirib.
Politoloq Litvanın ABŞ-ın ölkədə daha uzunmüddətli və daimi hərbi bazasının yerləşdirilməsi ilə bağlı təklifini də bu kontekstdə qiymətləndirib. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı açıqlaması belə bir təşəbbüsün reallaşması ehtimalını artırır.
M.Sadəddinov hesab edir ki, ABŞ-ın Baltik regionunda hərbi mövcudluğunun artırılması Rusiya-Qərb qarşıdurmasının genişlənməsindən daha çox NATO-nun şərq cinahının gücləndirilməsi məqsədi daşıyır.
“Bu addımlar həmin ölkələrin təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Eyni zamanda, Rusiyanın hazırda NATO ilə birbaşa hərbi qarşıdurmaya getmək üçün kifayət qədər resurslarının olduğunu düşünmürəm. Ukraynada gedən müharibə də Rusiyanın üzləşdiyi hərbi və resurs məhdudiyyətlərini göstərir”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın hazırda əsas imkanlarından biri Ukraynanın şəhərlərinə, o cümlədən Kiyevə zərbələr endirməkdir. Politoloq hesab edir ki, Moskvanın NATO ilə genişmiqyaslı hərbi eskalasiyaya getməsi üçün imkanları məhduddur.
“Bu baxımdan hesab edirəm ki, görülən tədbirlər Rusiya-Qərb qarşıdurmasını gücləndirməkdən daha çox, onun qarşısını almağa və gərginliyi azaltmağa yönəlib. Hərbi gərginliyin artacağını düşünmürəm. Çünki Rusiyanın artıq birbaşa NATO-nun imkanları ilə hərbi rəqabət aparacaq resursları yoxdur”, – deyə M.Sadəddinov əlavə edib.
Dəniz NƏSİRLİ