Xaqani Cəfərli: “ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Çin kimi böyük güclər Orta Dəhlizdə maraqlıdır və bu o deməkdir, onun qarşısı alınmazdır”
İranın Ali Liderinin müşaviri Məhəmməd Mühbər 23 noyabr 2026-cı il tarixində X sosial şəbəkəsindəki hesabında ABŞ və Ermənistanın rəsmi olaraq işlərinə start verdiyi TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") layihəsinə sərt reaksiya verib.
İran rəsmisi bildirib ki, Tehran regiondakı geosiyasi maraqlarından yan keçilməsinə imkan verməyəcək. O, həm İranın cənubundakı (Hörmüz boğazı), həm də şimalındakı (Zəngəzur / TRIPP) alternativ marşrutları "saxta marşrutlar" adlandıraraq onların "real dəhlizləri" əvəz etməyəcəyini vurğulayıb.
Mühbərin "Hörmüz boğazından dərs alın" ifadəsi regiondakı son hərbi-siyasi gərginliyə işarədir. İran tərəfi ABŞ-nin hərbi müşayiəti altında və Tehranın icazəsi olmadan boğazdan keçməyə çalışan gəmilərin dəniz minaları və məhv edilmə riski ilə üzləşdiyini bildirir (22-24 noyabr tarixlərində boğazda bir neçə neft tankerinin minaya düşərək partlaması barədə məlumatlar yayılıb).
23 noyabrda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Mehri bölgəsində TRIPP layihəsinin praktik mərhələsinin və hazırlıq işlərinin başlandığını elan ediblər.
2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış birgə bəyannaməyə əsaslanan TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat, enerji və rəqəmsal infrastruktur dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihəni ABŞ (74%) və Ermənistanın (26%) birgə müəssisəsi icra edir.
İran tərəfi bu layihəni özünün şimal sərhədləri boyunca ABŞ-nin birbaşa iştirakının artması və regiondakı ənənəvi tranzit rolunun zəiflədilməsi cəhdi kimi qiymətləndirərək onu "qırmızı xətt" elan edib.
İranın Ali Liderinin müşaviri Məhəmməd Mühbər Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələyib. Buna necə şərh vermək olar? Zəngəzur dəhlizi ilə Hörmüz arasında nə oxşarlıq ola bilər ki, İran belə sərt mövqe tutub?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, bilgisiz insanlar sosial şəbəkələrdə “fikir sahibi” olduqları kimi, məsuliyyətsiz siyasətçilər də sosial şəbəkələri “fikir bəyanı” meydanına çeviriblər. “Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti, İran liderinin digər müşaviri Məhəmməd Mühbər sosial şəbəkələri “fikir bəyanı” meydanına çevirənlərdəndir.
Əgər İranın TRIPP layihəsi ilə bağlı hər hansısa fikiri, mövqeyi varsa bunu rəsmi şəkildə Xarici İşlər Nazirliyinin vasitəsi ilə diplomatik nota şəklində təqdim etməlidir. Belə olarsa, notanın ünvanlandığı ölkə də ona rəsmi cavab verər. Dmitri Medvedev, Əli Əkbər Vilayəti, Məhəmməd Mühbər kimi boşboğazların fikirləri dövlətlərin rəsmi siyasətinə ciddi təsir etmədiyi üçün rəsmi qurumlar belə açıqlamalara çox zaman münasibət bildirlər. Boşboğazların sərsəm fikirlərinin şərhi kimi əzablı iş də siyasi şərhçilərin üzərinə düşür.
Boşboğazların öndə gedənlərindən İranın ali liderinin müşaviri Məhəmməd Mühbərin TRIPP layihəsini saxta adlandırması, hansısa əsl dəhlizlərin mövcudluğunu qeyd etməsi, Tehranın regional tranzit və təhlükəsizlik maraqlarının qorunacağını bəyan etməsi də bu şəxsin növbəti sərsəmləməsidir.
ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Çin kimi böyük güclər Orta Dəhlizdə maraqlıdır və bu o deməkdir, onun qarşısı alınmazdır. Boşboğaz Məhəmməd Mühbər kimi isə bunu anlamırlar. Belə boşboğazların fikirləri İranın dövlət siyasətinə çevrilsə İranın mövcudluğu bütün dünya üçün problemə çevrilər”.
X.Cəfərlinin fikrincə, müşahidə olunan vəziyyət belədir ki, Məsud Pezeşkian hökuməti belə bir prespektivdən qaçmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çevik siyasət aparmağa çalışır. “Prezident Məsud Pezeşkian qonşu dövlətlərlə gərginliyin İrana ancaq zərər verdiyini dəfələrlə bəyan edib, yaxşı münasibətlərin yaradılmaısna çağırıb. İranın dövlət maraqlarına cavab verən mövqe budur. Əgər, Prezident Məsud Pezeşkianın deyil, Məhəmməd Mühbəri kimi boşboğazların fikirləri İranın dövlət siyasətinin əsasını təşkil edəcəksə, İranın yenidən formatlanması daha çox ölkənin marağında olacaq”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA