Rusiya prezidenti Vladimir Putin Finlandiyanın rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına və ölkəyə girişinə qoyduğu məhdudiyyətləri tənqid edib. O bildirib ki, bu qərar münasibətlərin normallaşmasına deyil, əksinə, etimadın azalmasına səbəb olur. Putinin sözlərinə görə, oktyabrın 27-də Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı dialoqun vacibliyi vurğulansa da, Avropa ölkələrinin idmançılara qarşı tətbiq etdiyi məhdudiyyətlər bu yanaşma ilə ziddiyyət təşkil edir.
Rusiya prezidenti bəzi Avropa ölkələrində siyasi elitalar dəyişmədən Moskva ilə münasibətlərin tam normallaşmasının mümkünlüyünə şübhə ilə yanaşıb. Məhdudiyyətlər nəticəsində rusiyalı fiqurlu konkisürmə idmançıları Helsinkidə keçirilməsi nəzərdə tutulan Qran-pri mərhələsində iştirak edə bilməyəcəklər. Qadağa neytral statusla yarışan idmançılara da şamil edilib.
Putin bəzi Avropa ölkələrində siyasi hakimiyyətlər dəyişmədən Rusiya ilə münasibətlərin, o cümlədən Ukrayna müharibəsi ilə bağlı məsələlərin tam normallaşmasının mümkün olmayacağını bildirir. Görünür, Kreml Avropada siyasi elitaların dəyişəcəyinə və bunun Ukrayna müharibəsinə münasibətə təsir göstərəcəyinə ümid edir. Putinin bu gözləntiləri nə dərəcədə realdır? Avropa ölkələrində hakimiyyət dəyişikliyi baş versə, yeni siyasi qüvvələr Ukraynaya dəstəyi azaltmağa, Rusiyaya münasibətdə mövqelərini yumşaltmağa və müharibənin dayandırılması üçün Moskvanın irəli sürdüyü şərtlərə müəyyən güzəştlər etməyə meylli ola bilərlərmi? Putin Avropadakı mümkün siyasi dəyişikliklərə nə dərəcədə düzgün hesablanmış strategiya kimi yanaşır, yoxsa bu, daha çox siyasi gözləntidir?
Ukrayna müharibəsində istədiyi nəticəni hərbi yolla əldə edə bilməyən Kreml indi diqqətini Kiyevin beynəlxalq dəstəyinin zəiflədilməsinə yönəldib. Moskva hesab edir ki, Qərb ölkələrində siyasi qüvvələr nisbətinin dəyişməsi, xüsusilə sağçı və millətçi dairələrin hakimiyyətə gəlməsi Ukraynaya hərbi və siyasi dəstəyin azalmasına səbəb ola bilər. Lakin Rusiyanın bu istiqamətdəki hesablamalarının nə dərəcədə özünü doğruldacağı ciddi suallar doğurur. Çünki Qərb ölkələrində hökumətlərin dəyişməsi heç də həmin dövlətlərin xarici siyasət kursunun avtomatik olaraq Kremlin maraqlarına uyğunlaşması demək deyil.
Xaqani Cəfərli: "Avropada siyasi elita dəyişikliyi Rusiya üçün xilas olmayacaq"
Politoloq Xaqani Cəfərli Moskvanın bu gözləntiləri ilə ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ukraynaya hərb meydanında qalib gələ bilməyən Rusiya ümidini Kiyevin müttəfiqləri arasında parçalanmanın yaranmasına bağlayıb. Politoloqun sözlərinə görə, Donald Trampın iki il əvvəl ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi Kremldə böyük ümidlər yaratmışdı. Moskva hesab edirdi ki, Trampın hakimiyyətə qayıdışı Vaşinqtonun Ukraynaya dəstəyini zəiflədəcək və bununla da Rusiyanın müharibədə mövqeləri güclənəcək. Lakin ötən iki il göstərdi ki, Kremlin bu gözləntiləri tamamilə özünü doğrultmadı. ABŞ-da keçirilən aralıq seçkilərində demokratların əldə etdiyi uğur isə Rusiyanın Tramp administrasiyası ilə bağlı hesablamalarına əlavə zərbə vurdu. Beləliklə, Moskva bir daha anladı ki, ABŞ-da siyasi proseslərə bağlanan ümidlər müharibənin nəticəsini onun xeyrinə dəyişmək üçün yetərli deyil.
Xaqani Cəfərli qeyd edib ki, hazırda Kreml diqqətini Avropada siyasi elitanın dəyişməsi ehtimalına yönəldib. Xüsusilə Fransada gələn il keçiriləcək prezident seçkilərində ultra-sağ qüvvələrin qalib gəlmək perspektivi Putində müəyyən gözləntilər yaradıb. Almaniyada da ultra-sağçı siyasi qüvvələrin bəzi federal əyalətlərdə seçki uğurları əldə etməsi Moskvanın bu istiqamətdəki ümidlərini artırır. Kreml hesab edir ki, Avropada siyasi mənzərənin dəyişməsi Ukraynaya dəstəyin zəifləməsi, Avropa İttifaqı daxilində fikir ayrılıqlarının dərinləşməsi və Rusiyaya münasibətdə daha yumşaq siyasətin formalaşması ilə nəticələnə bilər.
Ancaq burada mühüm məqam ondan ibarətdir ki, Avropada sağçı qüvvələrin güclənməsi onların hamısının Rusiya ilə eyni siyasi mövqedən çıxış etməsi anlamına gəlmir. Bu qüvvələrin bir qismi Ukraynaya ayrılan maliyyə və hərbi yardımlara skeptik yanaşsa da, onların xarici siyasət prioritetləri, təhlükəsizlik baxışları və milli maraqları arasında ciddi fərqlər var. Digər tərəfdən, Avropa ölkələrinin Ukraynaya dəstəyi yalnız ayrı-ayrı hökumətlərin siyasi iradəsindən asılı deyil. Bu dəstəyin arxasında təhlükəsizlik maraqları, Avropanın gələcək müdafiə arxitekturası və Rusiyanın qitədə təsir imkanlarının məhdudlaşdırılması kimi strateji amillər dayanır.
Politoloq vurğulayıb ki, iki il əvvəl ABŞ-da siyasi elitanın dəyişməsi Rusiyanın qələbəsinə yol açmadığı kimi, Avropada ehtimal olunan siyasi elita dəyişikliyi də Moskvanı xilas etməyəcək. Onun fikrincə, Böyük Britaniya Trampın prezident seçilməsindən sonra ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsinin mümkün mənfi nəticələrini azaltmağa nail olduğu kimi, Avropada siyasi elita dəyişikliyi ehtimalına qarşı da müəyyən ehtiyat planına malikdir. Xaqani Cəfərli bu qənaətinin zamanla təsdiqlənəcəyinə əmin olduğunu bildirib.
Beləliklə, Kremlin Qərbdə siyasi dəyişikliklərə bağladığı ümidlər müharibənin taleyini müəyyən edən əsas amilə çevrilməyəcək. Çünki siyasi hakimiyyətlər dəyişsə də, dövlətlərin uzunmüddətli təhlükəsizlik maraqları, geosiyasi prioritetləri və strateji hesablamaları bir seçki ilə aradan qalxmır. Rusiya üçün əsas problem də məhz budur: Ukraynaya qarşı müharibədə hərbi nəticə əldə edə bilmədiyi şəraitdə Qərbin siyasi parçalanmasına nail olmaq cəhdi də gözlənilən nəticəni verməyəcək.
Akif NƏSİRLİ