ABŞ-la İran arasında münaqişə başlayandan bəri Hörmüz boğazında və ətraf sularda ticarət gəmilərinə qarşı hücumların sayı ən yüksək səviyyəyə çatıb. CNN telekanalı dəniz insidentləri ilə bağlı məlumatlara istinadən bildirir ki, noyabrın əvvəlindən indiyədək bölgədə ən azı 22 hücum qeydə alınıb. Bu, münaqişənin başlanmasından bəri ikinci ən yüksək göstəricidir. Sözügedən əraziyə Hörmüz boğazı ilə yanaşı, Fars körfəzi və Oman körfəzi də daxildir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilə əlaqəli Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına əsasən, oktyabr ayında qeydə alınan hücumların ümumi sayı ABŞ-İran müharibəsinin fevralın sonunda başlamasından bəri ilk dəfə 30-u ötüb.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) da oktyabr ayında bu il ərzində ən çox təsdiqlənmiş dəniz insidentinin qeydə alındığını bildirib. Oktyabr ayına qədər bölgədə ayda orta hesabla 10 hücum baş verirdi.
CNN qeyd edir ki, münaqişə başlayandan bəri Hörmüz boğazı uğrunda ciddi mübarizə gedir. Gəmilərə hücumlar neft və qaz daşımalarına mane olur, eyni zamanda qlobal iqtisadiyyata mənfi təsir göstərir.
Müharibədən əvvəl dünya üzrə neft tədarükünün təxminən beşdə birinin həyata keçirildiyi bu boğazdan kommersiya gəmiçiliyi 2025-ci ilin baza göstəriciləri ilə müqayisədə kəskin azalıb.
Telekanalın təhlilinə görə, dünya bazarında neft qiymətlərinin düşməsi və İranın neft satışından əldə etdiyi daxili gəlirlərin azalması fonunda Tehran boğaz üzərində nəzarətini bərpa etməyə çalışır və hücumları intensivləşdirir.
Ekspertlər hesab edirlər ki, İran bu strateji su yolu üzərində nəzarətini itirir və Vaşinqtondan güzəştlər əldə etmək məqsədilə hücumların miqyasını daha da artıra bilər.
Tahir TAĞIYEV