İran Prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi vəziyyətin ürəkaçan olmadığını etiraf edib. O, ABŞ və İsraillə müharibənin yaratdığı çətinliklərdən danışaraq, ölkənin iqtisadi mübarizə apardığını bildirib.
“Biz yalan vədlər verməyi və ya ölkəmizdə vəziyyətin çox yaxşı olduğunu deməyi bacarmırıq. Allah xatirinə, vəziyyətimiz heç də yaxşı deyil. Lakin bu, mövcud şəraiti idarə edə bilməyəcəyimiz anlamına gəlmir”, – deyə İran prezidenti bildirib.
ABŞ və İsraillə müharibəyə toxunan Pezeşkian ölkəsinin qeyri-bərabər və ədalətsiz müharibə ilə üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, bir qrup zorakı və təzyiq göstərən dövlət İranı devirməyə çalışsa da, xalq buna imkan verməyib. Pezeşkian təhlükəsizlik qüvvələrinin hücumlara güclü cavab verdiyini, investorların və istehsalçıların isə düşmənin gözləntilərini puça çıxardığını söyləyib.
İran prezidenti ölkənin yalnız hərbi deyil, həm də iqtisadi müharibə şəraitində olduğunu vurğulayıb.
“Biz səssiz müharibənin içindəyik. Bu, raketlərin buraxıldığı və dağıntıların baş verdiyi müharibədən daha çətindir. Söhbət sizin – iqtisadi fəaliyyətlə məşğul olan insanların üzləşdiyi iqtisadi müharibədən gedir. Bu, heç də asan müharibə deyil”, – deyə Pezeşkian qeyd edib.
Qış aylarında enerji təchizatının idarə edilməsinin hökumətin əsas prioritetlərindən biri olduğunu bildirən dövlət başçısı elektrik enerjisinin mümkün məhdudlaşdırılması zamanı sənaye müəssisələrinin sonuncu növbədə saxlanılmalı olduğunu vurğulayıb.
“İstehsalat elektrik enerjisinin kəsiləcəyi ilk deyil, sonuncu sahə olmalıdır”, – deyə o bildirib.
Digər tərəfdən, İranda elektrik stansiyalarının yanacaq təminatında yaranan problemlər və elektrik enerjisinə tələbatın artması səbəbindən noyabrın son günlərindən etibarən planlı elektrik kəsintilərinin tətbiq olunacağı açıqlanıb.
Qərarın enerji istehlakını tənzimləmək və elektrik şəbəkəsini qorumaq məqsədilə qəbul edildiyi bildirilib.
Tahir TAĞIYEV