Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrinin Rusiyanın Moskvada danışıqlar aparmaq dəvətini qəbul etməsinin vacib olduğunu bildirib.
O, noyabrın 20-də Varşavada jurnalistlərə açıqlamasında dəvəti rədd etməyin yanlış siqnal olacağını deyib. Nazirin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün dialoq aparılmalı, problemlərin həlli istiqamətində danışıqlara başlanılmalıdır.
Pistorius vurğulayıb ki, danışıqlar yalnız formal xarakter daşımamalı, real nəticələrə gətirib çıxarmalıdır. O, atəşkəsin danışıqlar prosesinin mütləq şərti olduğunu qeyd edərək, Rusiyanın eyni vaxtda hərbi əməliyyatları davam etdirib sülh danışıqlarından danışmasının qəbuledilməz olduğunu bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Moskvanın Avropa tərəfinin dəvətə cavabını gözlədiyini açıqlayıb. O, müsbət cavab veriləcəyi təqdirdə səfərə hazırlığın sürətlə həyata keçiriləcəyini deyib. Bununla belə, Ryabkov mümkün səfərin Avropa nümayəndələrinin ABŞ vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqlarına qoşulması demək olmadığını vurğulayıb.
Ukrayna Prezidenti Zelenski isə Avropa liderlərinin Moskvaya səfərini yanlış addım hesab etdiyini bildirib. Onun fikrincə, danışıqlar üçün daha uyğun məkan neytral ölkə və ya şəhər ola bilər. Zelenski belə görüşün tərəflərin müharibəyə son qoymaq niyyətini nümayiş etdirməsi baxımından daha məqsədəuyğun olduğunu qeyd edib.
Tahir TAĞIYEV